“Qələbə qazananlar son anda deyil, hazırlıq dövründə zəhmət çəkənlər olur” - MÜSAHİBƏ
Azərbaycanda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək. Artıq sayılı günlər qalan bu möhtəşəm tədbirə hazırlıqlar sürətləndirilib. Yarışı yüksək həyəcanla gözləyən məktəblilər son məşqlərini edir, müəllimlərindən ala biləcəkləri hər məsləhətə qulaq kəsilirlər. Hər birinin yarış ruhuna, iradə və əzminə təsir göstərəcək, bu yarışda onlara yol göstərəcək hər sözə, məsləhətə ehtiyacları var. “Azərbaycan müəllimi”nin növbəti müsahibi Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun sədri və Şərq döyüş növləri bölməsində məşqçi-müəllim Qələndər Aslanov məktəbli yarışçıların qulağına sırğa olacaq tövsiyələr verib.
Məlumat üçün qeyd edək ki, Qələndər Aslanov Təhsil Nazirliyində (hazırda Elm və Təhsil Nazirliyi) fiziki tərbiyə fənni üzrə dərsliklərin və müəllim üçün metodik vəsaitlərin qiymətləndirilməsində ekspert kimi çalışıb. Dövri mətbuatda idmanın insan həyatındakı rolu mövzusunda çoxsaylı çıxışları olub. 20-dən çox elmi məqalənin, bir tədris-metodiki vəsait, bir monoqrafiya, iki tədris proqramının müəllifidir. Yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Kyokuşin karate üzrə beynəlxalq yarışların qalibi, Avropa və dünya çempionatlarının mükafatçısı həm “Ən yaxşı hakim” seçilib, həm də “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Əməkdar məşqçidir.
– Birinci Qarabağ döyüşlərinin iştirakçısısınız, idmançısınız, üstəlik, 2 idman növü üzrə uğura imza atmısınız. Avropa və dünya çempionatlarında 4 dəfə “Ən yaxşı hakim” seçilmisiniz. Bu qədər zəngin həyat hekayəsini necə yaratmısınız?
– Həyatım boyu qarşıma qoyduğum məqsədlərə sadiq qalmağa çalışmışam. Birinci Qarabağ müharibəsində iştirak etmək mənə vətən sevgisini, məsuliyyəti və çətinliklər qarşısında möhkəm dayanmağı öyrətdi. İdman isə xarakterimin formalaşmasında, intizamlı və məqsədyönlü olmağımda mühüm rol oynayıb. Həm idmançı, həm də hakim kimi qazandığım uğurlar uzun illərin zəhmətinin, daim öz üzərimdə çalışmağımın nəticəsidir. Avropa və dünya çempionatlarında “Ən yaxşı hakim” adına layiq görülmək mənim üçün böyük qürur olmaqla yanaşı, daha məsuliyyətli çalışmağa stimul verib. Məncə, insan işə ürəklə yanaşarsa, qarşısına qoyduğu məqsəddən dönməzsə, uğur mütləq gəlir.
Böyük uğur təsadüfən qazanılmır
– Şagirdlər böyük bir idman yarışına hazırlaşırlar. Yəqin ki məlumatlısınız, məktəblilərarası idman olimpiadası keçiriləcək. Orta məktəbdə dərs demisiniz, “Ən yaxşı müəllim”seçilmisiniz. Ən yaxşılardan biri kimi olimpiada hazırlığında olan şagirdlərə göstərə biləcəyiniz, idmançıların ifadəsi ilə desək, “tryuk” nə olardı? Olimpiadaların ulduzu olmaq üçün nə etsinlər?
– Əgər bir “tryuk” deməli olsam, bu, hər hansı gizli üsul deyil, intizam, əzm və özünəinamın vəhdətidir. Olimpiadanın ulduzu olmaq istəyən məktəblilər ilk növbədə öz qarşılarına aydın məqsəd qoymalıdırlar. Böyük uğur təsadüfən qazanılmır, onun arxasında uzunmüddətli və planlı məşq prosesi dayanır. Gənclər rəqiblərini deyil, ilk növbədə öz dünənki nəticələrini geridə qoymağa çalışmalıdırlar. Yarışda qələbə qazananlar adətən son anda deyil, hazırlıq dövründə daha çox zəhmət çəkənlər olur. İdmanda istedad vacibdir, amma intizam və davamlılıq çox vaxt istedadın belə önünə keçir. Olimpiadada iştirak etmək hüququ qazanmağın özü də artıq böyük nailiyyətdir və hər bir iştirakçı şagird bununla fəxr etməlidir. Mən məktəblilərə tövsiyə edərdim ki, nəticədən çox öz çıxışlarının keyfiyyətinə Məğlubiyyətdən qorxmaq lazım deyil, çünki hər məğlubiyyət gələcək qələbələrin təcrübə məktəbidir. Yaxşı fəaliyyət əksər hallarda uğuru da özü ilə gətirir. Ən əsası isə, onlar meydançaya çıxarkən məktəblərini, rayonlarını təmsil etdiklərini unutmamalıdırlar. Bu məsuliyyət hissi və qələbə əzmi onları Olimpiadanın əsl ulduzuna çevirə bilər.
Müəllim şagirdə yalnız yarışda qalib gəlməyi deyil, məğlubiyyətdən düzgün nəticə çıxarmağı da öyrətməlidir
– Pedaqogika üzrə fəlsəfə doktorusunuz. Yaxşı idman müəllimi olmaq üçün önəmli olan nədir?
– Yaxşı idman müəllimi uşaqları sevməklə olur. Şagirdlərə fərdi yanaşmadan bu mümkün deyil. Çünki idman müəllimi yalnız texnika öyrədən şəxs deyil, eyni zamanda xarakter formalaşdıran tərbiyəçidir. O, intizam, məsuliyyət, komanda ruhu və qalibiyyət əzmi aşılamağı bacarmalıdır. Müasir müəllim daim öz üzərində işləməli, yeni bilik və metodları mənimsəməlidir. Ən əsası isə, müəllim öz davranışı ilə şagirdlərinə nümunə olmalıdır. Çünki uşaqlar müəllimin dediklərindən daha çox onun göstərdiyi örnəkdən öyrənirlər. Fikrimcə, müəllimin ən böyük uğuru yetişdirdiyi şagirdlərin qazandığı nailiyyətlərdir. İdmanda nəticə vacibdir, lakin sağlam, vətənpərvər və özünəinamlı gənclərin formalaşması daha böyük dəyər daşıyır. Müəllim şagirdə yalnız yarışda qalib gəlməyi deyil, məğlubiyyətdən düzgün nəticə çıxarmağı da öyrətməlidir. Məhz bu keyfiyyətlər gələcəyin uğurlu idmançılarının və layiqli vətəndaşlarının yetişməsinə xidmət edir.
“Şagirdlərə düzgün vaxt bölgüsü bacarığı aşılanmalıdır”
– Necə etmək olar ki, aşağı siniflərdə idmanda yüksək iştirakçılıq nümayiş etdirən uşaqlar yuxarı siniflərə qalxdıqca idmandan nəinki uzaqlaşsınlar, hətta idmanı həyat tərzinə çevirsinlər? Fiziki tərbiyə müəllimləri belə uşaqlarla işdə nə edə bilərlər?
– Mən özüm də Respublika Olimpiya İdman Liseyini bitirmişəm. Eyni zamanda, ümumtəhsil məktəblərində idmanla məşğul olan uşaqlara xüsusi dəstək göstərilməlidir. Məktəb rəhbərliyi və direktorlar şagirdlərin idman fəaliyyətini davam etdirmələri üçün onlara uyğun şərait yaratmalı və bu sahəyə xüsusi diqqət ayırmalıdırlar.Uşaqların yuxarı siniflərə keçdikcə idmandan uzaqlaşmamaları üçün onlarda erkən yaşlardan idmana qarşı sevgi və daxili motivasiya formalaşdırmaq lazımdır.Yaşından asılı olmayaraq, idmanla məşğul olmaq həm sağlamlığın qorunmasına, həm də zehni fəaliyyətin və diqqətin inkişafına müsbət təsir edir. Düşünürəm ki, ölkəmizdə idman təmayüllü məktəblərin sayı artırılmalıdır. İdman sahəsində inkişaf etmək istəyən və gələcəyini bu istiqamətdə görən şagirdlər həmin məktəblərdə təhsil ala bilərlər. Fiziki tərbiyə müəllimi dərsləri yalnız normativlərin yerinə yetirilməsi üzərində deyil, maraqlı və cəlbedici fəaliyyətlər üzərində qurmalıdır. Şagird hiss etməlidir ki, idman onun sağlamlığına, özünəinamına və gündəlik həyat keyfiyyətinə müsbət təsir göstərir. Müəllimlər idmanda fərqlənən uşaqları mütəmadi olaraq həvəsləndirməli, onların uğurlarını məktəb ictimaiyyəti qarşısında dəyərləndirməlidirlər. Yuxarı siniflərdə təhsil yükü artsa da, şagirdlərə düzgün vaxt bölgüsü bacarığı aşılanmalıdır ki, idman tədrislə ziddiyyət təşkil etməsin. Məktəbdaxili yarışların, idman festivallarının və müxtəlif tədbirlərin keçirilməsi də marağın davamlı olmasına kömək edir. Valideyn, müəllim və məşqçi əməkdaşlığı bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Fiziki tərbiyə müəllimi hər bir uşağın potensialını görməli, ona fərdi yanaşmalı və öz gücünə inanmasına dəstək verməlidir. Belə olduqda idman sadəcə məktəb fənni deyil, gənclərin həyat tərzinə çevrilir.
İdman növü uşağın yaşına uyğun seçilməlidir
– Son vaxtlar dünyada və Azərbaycanda məktəblilərin aqressiv davranışları ilə bağlı xəbərlərə çox rast gəlirik. İdmanla məşğul olmaq uşaqların aqressiyasının istiqamətini dəyişə bilərmi? İdmanın uşaq psixologiyasına təsiri nədən ibarətdir? Uşaq yaşlarından idmanla məşğul olan biri kimi bunun təsirinin nədən ibarət olduğunu düşünürsünüz?
– İdman uşaqların fiziki inkişafı ilə yanaşı, onların psixoloji və emosional formalaşmasında da mühüm rol oynayır. Son dövrlərdə məktəblilər arasında aqressiv davranışların artması ilə bağlı narahatlıqlar fonunda idmanın əhəmiyyəti daha da ön plana çıxır. Düzgün təşkil olunmuş idman fəaliyyəti uşaqlardakı artıq enerjinin sağlam istiqamətə yönəldilməsinə, emosiyaların idarə olunmasına və özünənəzarət bacarıqlarının formalaşmasına kömək edir. Məşqlər zamanı uşaqlar qaydalara əməl etməyi, səbirli olmağı, rəqibə hörmət göstərməyi və komanda daxilində davranış mədəniyyətini öyrənirlər. Lakin burada vacib məqamlardan biri məşqçi faktorudur. Valideynlər uşaqlarını idmana yönləndirərkən yalnız idman nəticələrinə deyil, məşqçinin pedaqoji hazırlığına və uşaq psixologiyası sahəsində biliklərinə də diqqət yetirməlidirlər. Çünki uşaqlarla işləmək böyüklərlə işləməkdən fərqlənir. Uşaq psixologiyasını bilməyən, aqressiv davranış nümayiş etdirən və ya təzyiq üsullarından istifadə edən məşqçi bəzi hallarda uşaqlarda mənfi xüsusiyyətlərin formalaşmasına səbəb ola bilər. Əksinə, peşəkar və pedaqoji yanaşmaya malik məşqçi uşaqların həm idmançı, həm də şəxsiyyət kimi inkişafına böyük töhfə verir. Digər vacib məsələ idman növünün uşağın yaşına uyğun seçilməsidir. Hər idman növünün özünəməxsus xüsusiyyətləri və tələbləri var. Məşqçilər və valideynlər uşağın fiziki və psixoloji hazırlıq səviyyəsini nəzərə almalı, onun yaşına uyğun məşq proqramı tətbiq etməlidirlər. Erkən yaşlarda əsas məqsəd nəticə əldə etmək deyil, uşağın idmana marağını artırmaq, sağlam həyat tərzi vərdişləri aşılamaq və düzgün inkişafını təmin etmək olmalıdır. Uşaqların aqressiv davranışlarına təsir edən amillər yalnız idmanla məhdudlaşmır. Müasir dövrdə telefon, planşet və televiziya vasitəsilə izlənilən bəzi məzmunlar, xüsusilə zorakılıq elementləri üstünlük təşkil edən cizgi filmləri və oyunlar da uşaqların davranışlarına mənfi təsir göstərə bilir. Buna görə valideynlər uşaqların asudə vaxtlarını necə keçirdiklərinə, hansı məzmunları izlədiklərinə diqqət yetirməli, onların daha çox faydalı fəaliyyətlərə cəlb olunmasına çalışmalıdırlar. Uşaq yaşlarından idmanla məşğul olan biri kimi deyə bilərəm ki, idman insanın xarakterinin formalaşmasında əvəzsiz məktəbdir. İdman mənə məqsəd qoymağı, nizam-intizamlı olmağı, məğlubiyyəti qəbul edib ondan nəticə çıxarmağı və yenidən mübarizə aparmağı öyrədib. Xüsusilə komanda idman növləri insanın ünsiyyət bacarıqlarını inkişaf etdirir, kollektiv məsuliyyət hissini gücləndirir və qarşılıqlı hörmət mühitini formalaşdırır. Hesab edirəm ki, uşaqların sağlam, balanslı, sosial cəhətdən fəal və vətənpərvər ruhda böyüməsində idmanın rolu əvəzsizdir. Düzgün seçilmiş idman növü, peşəkar məşqçi, ailə dəstəyi və sağlam informasiya mühiti bir araya gəldikdə idman uşaqların aqressiyasını azaltmağa, onların daha sağlam düşüncəli, məsuliyyətli və faydalı vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
Uğurlu müəllim və ya məşqçi olmaq üçün yalnız peşəkar biliklər deyil, insan psixologiyasını dərindən anlamaq da vacibdir
– “Praktiki Psixologiya” üzrə magistr təhsiliniz var. Psixologiyanı bilməyiniz idmançıları yarışlara hazırlayanda, ya da tələbələrlə işdə sizə nə kimi üstünlüklər qazandırıb?
– Çox ciddi üstünlüklər qazandırır. İdmanda fiziki hazırlıq nə qədər vacibdirsə, psixoloji hazırlıq da bir o qədər əhəmiyyətlidir. Yarış öncəsi həyəcanın idarə olunması, özünəinamın artırılması və diqqətin məqsədə yönəldilməsi idmançının nəticəsinə birbaşa təsir göstərir. Psixoloji yanaşma hər bir idmançının fərdi xüsusiyyətlərini daha yaxşı anlamağa və ona uyğun dəstək verməyə imkan yaradır. Tələbələrlə işləyərkən də onların motivasiyasını, maraqlarını və qarşılaşdıqları çətinlikləri daha düzgün qiymətləndirə bilirəm. Bu biliklər sağlam ünsiyyət mühitinin formalaşmasına və qarşılıqlı etimadın güclənməsinə kömək edir. Eyni zamanda, stresin idarə olunması, liderlik keyfiyyətlərinin inkişafı və komanda münasibətlərinin qurulması kimi məsələlərdə psixologiyanın imkanlarından geniş istifadə edirəm. Hesab edirəm ki, müasir dövrdə uğurlu müəllim və ya məşqçi olmaq üçün yalnız peşəkar biliklər deyil, insan psixologiyasını dərindən anlamaq da vacibdir. Məhz bu vəhdət həm təhsil, həm də idman sahəsində daha yüksək nəticələr əldə etməyə şərait yaradır.
“Bədən tərbiyəsi məşğələlərinin seçmə və ya kredit əsaslı fənn kimi tədris prosesinə inteqrasiya olunsun”
– Tibb Universitetinin tələbələrinin dərsləri çox ağır olur. Onları idmana cəlb etmək çətin olmur? "Təbib" Tədris İdman Mərkəzinin rəhbəri kimi tələbələri həm də idmana cəlb etmək üçün nə edirsiniz?
– Doğrudur, yuxarı siniflərdə və xüsusilə ali məktəblərdə tədris yükünün artması səbəbindən gənclərin bir qismi idmandan uzaqlaşır. Lakin təcrübə göstərir ki, düzgün təşkilatçılıq olduqda təhsil və idmanı uğurla uzlaşdırmaq mümkündür. Azərbaycan Tibb Universitetində tələbələrin dərs proqramı kifayət qədər intensiv olsa da, onların idmana marağı yüksəkdir. Çalışırıq ki, tələbələr idmana əlavə yük deyil, sağlamlıq və psixoloji rahatlıq mənbəyi kimi baxsınlar. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 2015-ci ildən etibarən ali təhsil və orta ixtisas təhsili müəssisələrində bədən tərbiyəsi kafedralarının fəaliyyəti dayandırılıb. Hesab edirəm ki, bu istiqamətin yenidən bərpası gənclərin fiziki hazırlığının və sağlam həyat tərzinin inkişafına mühüm töhfə verə bilər. Bədən tərbiyəsi məşğələlərinin seçmə və ya kredit əsaslı fənn kimi tədris prosesinə inteqrasiya olunması tələbələrin idmana marağını artırar və onların müntəzəm fiziki fəaliyyətə cəlb edilməsinə şərait yaradar. Xüsusilə tibb, pedaqoji və digər yüksək akademik yükə malik ixtisaslarda bu cür yanaşma tələbələrin həm fiziki, həm də psixoloji sağlamlığı üçün faydalı olar. “Təbib” Tədris İdman Mərkəzində müxtəlif idman növləri üzrə məşqlər, universitetdaxili və universitetlərarası yarışlar, festivallar və sağlam həyat tərzini təşviq edən tədbirlər təşkil edirik. Tələbələrin uğurlarını daim diqqət mərkəzində saxlayır, onların yarışlarda iştirakına və öz potensiallarını nümayiş etdirmələrinə şərait yaradırıq. Eyni zamanda, idmanın gələcək həkimlərin peşə fəaliyyətində də mühüm rol oynadığını izah etməyə çalışırıq. Çünki sağlam həyat tərzini təbliğ edən həkim ilk növbədə özü bunun nümunəsi olmalıdır. Sevindirici haldır ki, ildən-ilə idman tədbirlərinə qoşulan tələbələrin sayı artır və bu sahədə əldə olunan nəticələr də daha uğurlu olur. Unutmamalıyıq ki, bədən tərbiyəsi və idman, həkimin ikinci peşəsidir!
“Özlərini yalnız bir sahə ilə məhdudlaşdırmasınlar”
– İdmanla elmi eyni vaxtda inkişaf etdirmək mümkündürmü? Təcrübəniz göstərir ki, bu, mümkündür. Məktəblilərin, tələbələrin də bunu bacarması üçün tövsiyəniz nə olardı?
– İdmanla elmi eyni vaxtda inkişaf etdirmək, əlbəttə ki, mümkündür. Əsas məsələ vaxtın düzgün planlaşdırılması, məqsədlərin dəqiq müəyyənləşdirilməsi və intizamlı olmaqdır. Əslində, idman və elm bir-birinə mane olmur, əksinə, bir-birini tamamlayır. Məktəblilərə və tələbələrə tövsiyəm odur ki, özlərini yalnız bir sahə ilə məhdudlaşdırmasınlar. Gündəlik vaxt bölgüsünü düzgün qurmaqla həm dərslərdə, həm də idmanda uğur qazanmaq mümkündür. Vacib olan hər iki istiqamətdə davamlılıq nümayiş etdirmək və qarşıya qoyulan məqsədlərdən yayınmamaqdır. Uğur təsadüfən əldə olunmur, o, sistemli əməyin və zəhmətin nəticəsidir. Gənclər bilməlidirlər ki, sağlam bədəndə sağlam düşüncə formalaşır və fiziki aktivlik onların təhsil göstəricilərinə də müsbət təsir edir. İdmanla məşğul olan tələbələrimizə sual verirəm ki, indi yay imtahan sessiyasıdır, bəlkə məşqlərimizi dayandıraq, imtahanlara hazırlaşmağa vaxtınız qalmır. Cavab verirlər ki, əksinə, məşq eləməsək, imtahana ciddi hazırlaşa bilmirik, beynimiz yorulur. Bu gün universitet rəhbərliyində təmsil olunan tanınmış həkimlərimiz var ki, tələbəlik illərində onlar da idmanla intensiv məşğul olublar və hətta yarışlarda universitetimizi layiqincə təmsil ediblər. İnanıram ki, elmə maraq göstərən, eyni zamanda idmanla məşğul olan gənclər gələcəkdə cəmiyyətimiz üçün daha faydalı və hərtərəfli mütəxəssislər kimi yetişəcəklər.
İbtidai siniflərdə fiziki tərbiyə dərsləri mütəxəssislər tərəfindən tədris olunmalıdır
– Dərsliklərin və metodik vəsaitlərin qiymətləndirilməsində də ekspert olmusunuz. Sizcə, bu gün məktəblərdə fiziki tərbiyə dərsləri necə təşkil edilməlidir?
– Fikrimcə, müasir dövrdə fiziki tərbiyə dərsləri yalnız normativlərin yerinə yetirilməsinə deyil, şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılmasına xidmət etməlidir. Bu dərslər uşaqların yaş xüsusiyyətləri, fiziki hazırlıq səviyyələri və maraqları nəzərə alınmaqla təşkil edilməlidir. Eyni zamanda, nəzəri biliklərlə praktik fəaliyyət arasında düzgün balans qorunmalıdır. Şagirdlər yalnız hərəkətləri yerinə yetirməyi deyil, fiziki aktivliyin sağlamlıq üçün əhəmiyyətini də dərk etməlidirlər. Hesab edirəm ki, ibtidai siniflərdə fiziki tərbiyə dərsləri mütəxəssislər tərəfindən tədris olunmalıdır. Bu fikri öz təcrübəmə əsaslanaraq söyləyirəm. Binəqədi rayon 83 nömrəli məktəb-liseydə işlədiyim müddətdə “Sağlam təhsil” sinifləri fəaliyyət göstərirdi. Həmin siniflərdən birində xahişimlə mənə də dərs saatı ayrıldı və həftədə iki dəfə həmin şagirdlərlə işləməyə başladım. İlk vaxtlar işim kifayət qədər çətin idi, çünki dərsləri istədiyim şəkildə təşkil edə bilmirdim. Sonradan başa düşdüm ki, çox məsuliyyətli bir işin öhdəliyini götürmüşəm. Tədricən uşaqları idman zalına aparır, onları idman avadanlıqları ilə tanış edir, yarış xarakterli qaçışlar, müxtəlif oyunlar və fiziki hərəkətlər təşkil edirdim. Həmçinin turnikdə düzgün dartınma qaydalarını öyrədirdim. 3-cü sinfə çatanda uşaqların yarısından çoxu turnikdə dartınmağı və paralel qollarda hərəkətləri düzgün yerinə yetirməyi bacarırdı. Hətta onlardan üç şagirdi şəhər birinciliyinə apardım və onlar 11, 9 və 8 dəfə turnikdə dartınaraq medal qazanmağa nail oldular. Halbuki ilk mərhələdə bəzi valideynlər müxtəlif səbəblərlə övladlarını dərslərdən yayındırmağa çalışırdılar. Lakin uşaqların fiziki inkişafını, aktivliyini və dərs qaydalarına məsuliyyətlə yanaşdıqlarını gördükdən sonra bütün narahatlıqlar aradan qalxdı. Dərslərin maraqlı, dinamik və müxtəlif fəaliyyətlər əsasında qurulması uşaqlarda idmana marağı artırır. Komanda oyunları, estafet yarışları, müxtəlif idman növlərinin elementləri və müasir təlim metodlarından istifadə dərslərin səmərəliliyini yüksəldir. Eyni zamanda, hər bir şagirdin fərdi imkanları nəzərə alınmalı və onların nailiyyətləri düzgün qiymətləndirilməlidir. Fiziki tərbiyə müəllimi yalnız məşq etdirən şəxs deyil, həm də sağlam həyat tərzini təbliğ edən pedaqoq rolunu daşımalıdır. Məktəbdə fiziki tərbiyə dərsləri uşaqlarda nizam-intizam, əməksevərlik, komanda ruhu və liderlik keyfiyyətlərinin formalaşmasına da xidmət etməlidir. Valideynlər də övladlarını müxtəlif bəhanələrlə fiziki tərbiyə dərslərindən yayındırmaq əvəzinə, məktəb rəhbərliyi ilə birlikdə bu dərslərin keyfiyyətinin artırılması istiqamətində müəllimlərdən daha yüksək nəticələr tələb etməlidirlər.
– Yuxarıda şagirdlərə vaxtını bölməyi öyrətməkdən bəhs etdiniz. Universitetin ictimai-siyasi həyatında, Həmkarlar İttifaqında aktivsiniz. Bu qədər inzibati iş, elmi fəaliyyət və məşqçiliklə yanaşı, bunun da öhdəsindən gəlməyə çalışırsınız. Maraqlıdır, hamısına necə vaxt tapırsınız, zamanı uğurla idarə etməyin bir “standart”ı, qaydası var?
– Vaxtı düzgün idarə etmək mənim üçün uzun illər ərzində formalaşmış bir vərdişdir. Hesab edirəm ki, insan sevdiyi işlə məşğul olduqda ona vaxt ayırmağın da yolunu tapır. Həm inzibati fəaliyyət, həm elmi iş, həm məşqçilik, həm də ictimai fəaliyyət böyük məsuliyyət tələb edir. Bu səbəbdən hər günümü əvvəlcədən planlaşdırmağa çalışıram və işlərimi prioritetlər üzrə müəyyənləşdirirəm. İntizam və ardıcıllıq vaxtın səmərəli istifadəsinin əsas şərtləridir. İdman mənə zamanın dəyərini öyrədib. İdmançı həyatında hər dəqiqənin hesabı olduğu kimi, gündəlik fəaliyyətlərdə də vaxtı düzgün bölüşdürmək vacibdir. Eyni zamanda, komanda ilə işləmək və səlahiyyət bölgüsünü düzgün qurmaq da işlərin daha səmərəli həyata keçirilməsinə kömək edir. Mən hesab edirəm ki, uğurlu rəhbər hər işi özü görməyə çalışmamalı, etibarlı komanda formalaşdırmağı bacarmalıdır. Əlbəttə, universal bir standart yoxdur, çünki hər insanın fəaliyyəti və həyat ritmi fərqlidir. Ancaq məqsədlərin dəqiq müəyyənləşdirilməsi, planlı fəaliyyət, məsuliyyət hissi və öz üzərində davamlı çalışma hər kəs üçün vacib prinsiplərdir. Ən əsası isə görülən işə sevgi ilə yanaşmaqdır. İnsan öz fəaliyyətindən zövq aldıqda yorğunluq azalır, məhsuldarlıq artır və zaman daha səmərəli istifadə olunur.




