Qiymətləndirmə sahəsində vahid yanaşmaların formalaşdırılması əsas məqsədlərdəndir – Bəhrəm Xəlilov
“Qardaş ölkələr və Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında təhsilin qiymətləndirilməsi və imtahanların təşkili sahəsində əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədr müavini Bəhrəm Xəlilov DİM-in 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans çərçivəsində jurnalistlərə açıqlaması zamanı səsləndirib.
Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif qurumlar arasında müvafiq sənədlər imzalanıb.
B.Xəlilov vurğulayıb ki, qarşıdakı dövrdə təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi əsas prioritetlər sırasındadır. Əsas məqsədlərdən biri qiymətləndirmə və imtahan proseslərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə vahid yanaşmaların formalaşdırılmasıdır.
Qeyd edək ki, bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Protokolu imzalanıb. Sənəd Dövlət İmtahan Mərkəzi, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında bağlanıb.



