“Qızıl medal qazanmaq mənim üçün böyük qürurdur” - RFM-in qalibləri
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri Respublika fənn müsabiqələrində (RFM) uğurlu nəticələr əldə ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqələrdə iştirak edən 8 şagird medal qazanıb. Ümumilikdə region məktəbliləri 1 qızıl, 1 gümüş və 6 bürünc medala layiq görülüblər.
Mingəçevir şəhəri təbiət, riyaziyyat və humanitar fənlər təmayüllü liseyin şagirdi Ziya Əhmədli Respublika fənn müsabiqəsində qızıl medal qazanaraq yüksək nəticəyə imza atıb. O, bu uğurun uzunmüddətli hazırlığın və müəllimlərinin dəstəyinin nəticəsi olduğunu bildirib: “Qızıl medal qazanmaq mənim üçün böyük qürurdur. Bu nəticə mənə göstərdi ki, məqsədli şəkildə çalışanda uğur qazanmaq mümkündür. Müsabiqəyə hazırlaşdığım müddətdə həm biliklərimi möhkəmləndirdim, həm də özümə inamım daha da artdı. Gələcəkdə daha böyük olimpiada və müsabiqələrdə iştirak edib yüksək nəticələr qazanmaq istəyirəm. Bu uğurda mənə dəstək olan müəllimlərimə və ailəmə təşəkkür edirəm”.
Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Orxan Məsimli müsabiqənin gümüş medalçısı olub. Orxan əldə etdiyi nəticənin onu daha çox çalışmağa ruhlandırdığını deyib:
“Gümüş medal qazanmağım məni çox sevindirdi. Yarışma zamanı həm həyəcan, həm də böyük məsuliyyət hiss edirdim. Bu nəticə mənim üçün son deyil, əksinə, yeni hədəflərə doğru başlanğıcdır. Növbəti müsabiqələrdə daha yüksək nəticə göstərmək və qızıl medal qazanmaq üçün çalışacağam”.
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Murad Xasayev bürünc medal qazanıb. O, Respublika fənn müsabiqəsində iştirakın onun üçün böyük təcrübə olduğunu bildirib: “Bu müsabiqədə iştirak etmək mənim üçün çox faydalı oldu. Güclü rəqiblərlə bilik yarışında olmaq həm həyəcanlı, həm də maraqlı idi. Bürünc medal qazanmağım məni daha da həvəsləndirdi. Bundan sonra daha çox çalışaraq növbəti yarışlarda daha yüksək nəticə əldə etmək istəyirəm”.
Ucar şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Niyazi Teymurov da Respublika fənn müsabiqəsinin bürünc medalçıları sırasındadır. Niyazi bildirib ki, bu uğur onun gələcək təhsil hədəfləri üçün mühüm motivasiya yaradıb:
“Bürünc medal mənim üçün böyük sevincdir. Müsabiqəyə hazırlaşarkən çox çalışdım və müəllimlərimin tövsiyələri mənə kömək etdi. Bu nəticə mənə daha ciddi hazırlaşmaq və biliklərimi artırmaq üçün motivasiya verdi. İnanıram ki, növbəti dəfə daha yüksək yer qazanacağam”.
Kürdəmir şəhəri Tofiq İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Elvin Cəbrayılov da müsabiqədə bürünc medal əldə edib. O, medalın onun üçün böyük stimul olduğunu vurğulayıb: “Respublika səviyyəli müsabiqədə medal qazanmaq mənim üçün çox dəyərlidir. Bu nəticəyə görə sevinirəm, amma daha yaxşı nəticə göstərə biləcəyimə də inanıram. Qarşıma yeni hədəflər qoymuşam. Daha çox oxumaq, araşdırmaq və növbəti müsabiqələrdə daha uğurlu çıxış etmək istəyirəm”.
Zərdab şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nicat Məmmədzadə də bürünc medala layiq görülüb. Nicatın sözlərinə görə, müsabiqə ona həm biliklərini sınamaq, həm də öz üzərində daha çox işləmək imkanı yaradıb: “Müsabiqə mənim üçün böyük təcrübə oldu. Burada iştirak etməklə biliklərimi yoxladım və hansı istiqamətlərdə daha çox çalışmalı olduğumu gördüm. Bürünc medal qazanmaq məni sevindirdi. Gələcəkdə daha yüksək nəticələr əldə etmək üçün hazırlaşmağa davam edəcəyəm”.
Ağdaş şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aynur Rəhimli də Respublika fənn müsabiqəsində bürünc medal qazanıb. O, bu uğurun onu daha böyük nailiyyətlərə ruhlandırdığını bildirib:
“Bürünc medal qazanmaq mənim üçün çox xoş hissdir. Müsabiqədə iştirak edərkən həm həyəcanlı, həm də ümidli idim. Nəticə məni sevindirdi və özümə inamımı artırdı. Bu uğur mənə göstərdi ki, davamlı çalışmağın nəticəsi olur. Gələcəkdə daha yüksək yerlər qazanmaq istəyirəm”.
Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziyanın şagirdi Gülay Abdullayeva da bürünc medal qazanaraq qaliblər sırasında yer alıb. Gülay bildirib ki, bu nəticə onun üçün həm sevinc, həm də məsuliyyətdir: “Medal qazanmaq mənim üçün çox böyük motivasiyadır. Bu nəticə mənə daha çox çalışmalı olduğumu göstərdi. Müəllimlərimin və ailəmin dəstəyi mənim üçün çox önəmli idi. Gələcəkdə daha böyük uğurlar qazanmaq və məktəbimi layiqincə təmsil etmək istəyirəm”.
Məlumat üçün bildirək ki, Respublika fənn müsabiqələrində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 8 şagird medal qazanıb. Qaliblər sırasında Ziya Əhmədli qızıl, Orxan Məsimli gümüş, Murad Xasayev, Niyazi Teymurov, Elvin Cəbrayılov, Nicat Məmmədzadə, Aynur Rəhimli və Gülay Abdullayeva isə bürünc medala layiq görülüblər.




