Qrip səbəbilə bir sinifdən 20 şagird dərsə gəlmir? – İddialara aydınlıq gətirildi
Sosial şəbəkələrdə Bakı şəhəri Nizami rayonundakı 214 nömrəli tam orta ümumtəhsil məktəbində epidemioloji vəziyyətin yaranması, eyni sinifdə bir neçə şagirdin mövsümi virus infeksiyasına yoluxaraq dərsə gəlməməsi ilə bağlı iddialar yayılıb.
Məktəbdən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, 214 nömrəli tam orta ümumtəhsil məktəbində eyni sinifdə bir neçə şagirdin mövsümi xəstəliklərə yoluxması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Açıqlamada qeyd olunur ki, məktəbdə dərslər ənənəvi qaydada davam edir: “Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, onların müalicə edilib tam sağalanadək digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”.
Qeyd edək ki, sosial şəbəkələrdə 214 nömrəli tam orta ümumtəhsil məktəbinin 2-ci siniflərindən birində təhsil alan 25 şagirddən 20-nin son günlərdə virus infeksiyasına yoluxduqları üçün dərslərdə iştirak etmədiyi iddia edilmişdi.


