QS rəsmiləri: Azərbaycan ali təhsil sistemi davamlı inkişaf nümayiş etdirir

18 İyun, 2026 - 11:28
QS rəsmiləri: Azərbaycan ali təhsil sistemi davamlı inkişaf nümayiş etdirir

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin nümayəndələri Azərbaycan universitetlərinin son illərdə əldə etdiyi nəticələri yüksək qiymətləndiriblər.

"Azərbaycan müəllimi"nin əldə etdiyi məlumata görə, “QS”in baş vitse-prezidenti Ben Sauter bildirib ki, Azərbaycan universitetlərinin 89 faizinin “QS Dünya Universitetləri Reytinqi”ndə mövqeyini yaxşılaşdırması ölkənin ali təhsil sistemində uzunmüddətli inkişaf tendensiyasının davam etdiyini göstərir. Onun sözlərinə görə, Azərbaycan universitetləri tələbələrə, tədqiqatçılara və cəmiyyətə verdiyi töhfəni artırmağa davam edir. Ben Souter əldə olunan nəticələrin qorunması və inkişaf etdirilməsi üçün ali təhsil sisteminə investisiyaların davam etdirilməsinin vacibliyini də vurğulayıb.

QS-in regional direktoru Sergey Xristolyubov isə qeyd edib ki, “QS Dünya Universitetləri Reytinqi”ndə qeydə alınan nəticələr Azərbaycan ali təhsilinin beynəlxalq mövqeyinin gücləndiyini nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan universitetlərinin qlobal reytinqlərdə əldə etdiyi nailiyyətlər ölkənin ali təhsil sisteminin regionda və onun hüdudlarından kənarda artan nüfuzunu təsdiqləyir.

Qeyd edək ki, “QS Dünya Universitetləri Reytinqi”ndə Azərbaycandan ümumilikdə 10 universitet təmsil olunur və onların əksəriyyəti ötən illə müqayisədə mövqeyini yaxşılaşdırıb.