Rektor: BSU-nu 1000-dən çox bakalavr bitirir

30 İyun, 2026 - 20:20
Rektor: BSU-nu 1000-dən çox bakalavr bitirir

“Min nəfərdən çox bakalavr bu il Bakı Slavyan Universitetini başa vurur”

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev jurnalistlərə açıqlamasında deyib. 

“2022-ci ildə universitetə qəbul olunmuş tələbələr Bakı Slavyan Universitetinin tarixində ən böyük məzun kontingentini təşkil edirlər. Bu gün Bakı Slavyan Universitetində növbəti “Məzun Günü”nü qeyd edirik. Dörd il ərzində bakalavr, eləcə də magistratura səviyyəsində hazırladığımız mütəxəssisləri əmək bazarına yola salırıq. Bu il müxtəlif ixtisaslar üzrə altı fakültədən min nəfərdən çox bakalavr məzun olur. İnanıram ki, məzunlarımız ölkəmizin müasir inkişaf mərhələsində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi prosesində, eləcə də respublikamızın müxtəlif şəhər və rayonlarında müəllim və müxtəlif sahələrin mütəxəssisləri kimi fəaliyyət göstərərək Azərbaycanın inkişafına, gənc nəslin yetişdirilməsinə öz töhfələrini verəcəklər”.

Anar Nağıyev qeyd edib ki, Bakı Slavyan Universiteti ölkədə təhsilin və elmin inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir:

“Universitet son illərdə beynəlxalq reytinqlərdə iştirak etməyə başlayıb və hər il həmin reytinqlərdə mövqeyini daha da yaxşılaşdırır. Bu da ali təhsil müəssisəsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına müsbət təsir göstərir.”

Sonda rektor Bakı Slavyan Universitetinin və ümumilikdə bu il ali təhsil müəssisələrini başa vuran bütün məzunları təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində və təhsilin növbəti pillələrində uğurlar arzulayıb.