Rektor: Dünyanın 19 ölkəsindən 24 alim Mingəçevirdə elmi fikir mübadiləsi aparır
"Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübə və yeni hədəflər” III Beynəlxalq Elmi Konfransı bu il əvvəlkilərdən fərqli olaraq daha geniş elmi mühit formalaşdırıb".
Bunu MDU-nun rektoru iqtisad elmləri doktoru Anar Eminov "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, universitetlərarası əməkdaşlıq çərçivəsində MDU, Azərbaycan Texniki Universiteti (AZTU) və Türkiyənin Gazi Universitetinin birgə təşkil etdiyi bu mötəbər elm platforması beynəlxalq elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
“Hazırda Mingəçevirdə dünyanın 19 fərqli ölkəsindən 24 tanınmış alim iştirak edir. Onların müxtəlif istiqamətlər üzrə irəli sürdüyü strateji yanaşmalar, elmi yanaşmalar konfransın ümumi məzmununu daha da zənginləşdirir. Burada əsas hədəflərdən biri tələbələrimizin dünyaca məşhur alimlərlə birbaşa elmi ünsiyyət imkanı qazanmasıdır. Bu isə gənclərin elmi fəaliyyətinə güclü stimul verir”, – deyə rektor vurğulayıb.
A.Eminov həmçinin bu il konfransa rekord sayda – 549 elmi məqalənin təqdim olunduğunu, regionda ilk dəfə belə böyük elmi marağın müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, MDU və AzTU alimlərinin birgə elmi analizi əsasında bu məqalələrin bir çoxunun "Scopus" və digər beynəlxalq indeksli jurnallarda nəşri nəzərdə tutulur.
Hazırda konfrans çərçivəsində 8 elmi istiqamət üzrə panel müzakirələri aparılır və tədbir 3 gün davam edəcək.
Rektor sonda bütün tərəfdaş qurumlara və dəstək göstərən rəhbərlərə minnətdarlığını ifadə edib.



