Rektor: İnklüziv və bilik əsaslı şəhərlər qurmaq universitetlərdən asılıdır
"Müasir şəhərlərin davamlı və dayanıqlı inkişafı yalnız infrastruktur və texnoloji həllərlə deyil, ilk növbədə, yüksəkixtisaslı insan kapitalı ilə müəyyən olunur".
“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransında səsləndirib.
Rektor bildirib ki, şəhərsalmada uğursuzluqlar çox vaxt planların yoxluğundan deyil, məhz institusional və insan resurslarının yetərsizliyindən qaynaqlanır: "Şəhərlərin gələcəyi ayrı-ayrı ixtisasların deyil, inteqrasiya olunmuş bilik və əməkdaşlığın nəticəsi olacaq. Müasir dövrdə rəqəmsal texnologiyalar, məlumat əsaslı planlaşdırma və simulyasiya modelləri urban inkişafın ayrılmaz hissəsinə çevrilməlidir. Bu istiqamətdə tələbələrin real sektorla əlaqələrinin gücləndirilməsi və praktiki təcrübə imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır".
Elçin Babayevin sözlərinə görə, inklüziv, dayanıqlı və bilik əsaslı şəhərlər qurmaq bu gün universitetlərdə atılan addımlardan birbaşa asılıdır.



