Rektor: Regionda psixologiya sahəsində elmi inkişafın yeni mərhələsi formalaşır
“Psixologiya sahəsinə artan maraq, bu istiqamətdə elmi potensialın sistemli şəkildə genişlənməsi və tədris prosesində psixoloji yanaşmaların inteqrasiyasının aktuallaşması Mingəçevir Dövlət Universiteti-ndə formalaşan müasir elmi-intellektual mühitin əsas indikatorlarından biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri universitetin rektoru Anar Eminov ali təhsil müəssisəsində keçirilən “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində səsləndirib.
Rektor çıxışında vurğulayıb ki, müasir ali təhsil sistemində psixologiyanın rolu artıq yalnız nəzəri bilik sahəsi ilə məhdudlaşmır, eyni zamanda tədris prosesinin effektivliyini artıran, tələbəyönümlü yanaşmaların dərinləşdirilməsini təmin edən və akademik mühitdə sosial-psixoloji dayanıqlığın gücləndirilməsinə xidmət edən strateji istiqamət kimi çıxış edir.
Anar Eminov qeyd edib ki, universitetdə bu sahədə həyata keçirilən məqsədyönlü təşəbbüslər psixologiyanın multidisiplinar yanaşmalar əsasında inkişafını stimullaşdırır, müxtəlif sahələr üzrə tədqiqatçıların vahid elmi platformada inteqrasiyasına şərait yaradır və nəticə etibarilə innovativ elmi istiqamətlərin formalaşmasına zəmin yaradır.
Rektorun sözlərinə görə, görülən işlər psixologiyanın yalnız akademik nəzəriyyə çərçivəsində deyil, həm də tədrisin keyfiyyətinə, tələbələrin fərdi və sosial inkişafına, eləcə də pedaqoji texnologiyaların modernləşdirilməsinə təsir göstərən prioritet istiqamət kimi institusional səviyyədə qəbul edildiyini aydın şəkildə nümayiş etdirir.



