Rektor: Yeni laboratoriyalar yeni dövr mühəndislərinin hazırlanmasına fayda verəcək
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “bp” şirkətinin dəstəyi ilə Bərpa Olunan Enerji Resursları Mərkəzinin açılışı olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu ADNSU-nun rektoru Rüfət Əzizov deyib.
Onun sözlərinə görə, mərkəzin nəzdində bir neçə ixtisaslaşmış auditoriya, kompüter laboratoriyaları, eləcə də ən yeni texnologiyalara uyğun avadanlıqlarla təchiz edilmiş laboratoriyalar yaradılıb.
“Bu laboratoriyalarda istər günəş, istər külək enerjisinin, eləcə də müxtəlif enerji növlərinin bir-birinə çevrilməsi əyani şəkildə tələbələrə nümayiş etdirilir. Buna uyğun olaraq, mərkəzdə çalışan əməkdaşlar tərəfindən metodik vəsaitlər hazırlanıb. Yeni tədris ilində bərpa olunan enerji resursları, eləcə də fizika və digər sahələrdə təhsil alan tələbələrimiz mərkəzdən yararlana biləcəklər”, – deyə rektor bildirib.
Rüfət Əzizov qeyd edib ki, Dövlət Neft Fondunun dəstəyi ilə ADNSU ilə İtaliyanın böyük universitetlərindən biri arasında ikili diplom proqramı həyata keçirilir.
“Artıq bu il proqrama üçüncü dəfə qəbul aparılacaq və növbəti dörd ildə də davam edəcək. Proqram çərçivəsində biz həm “bp” şirkəti, həm də Bərpa Olunan Enerji Mənbələri Agentliyi ilə çox yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlıq nəticəsində sənayenin maraq göstərdiyi sualları universitetə gətirməyə çalışırıq. Tələbələrin magistratura pilləsində diplom işlərini sənayenin sırf ehtiyaclarına uyğun qurmağa çalışırıq. Şübhəsiz ki, bu laboratoriyalar həm yeni dövr mühəndislərinin hazırlanmasında, həm də bərpa olunan enerji resursları və digər mühəndislik sahələrində çox faydalı olacaq. Çalışacağıq ki, bu mərkəz vasitəsilə öyrəndiyimiz bilik və bacarıqları sənayeyə də ötürə bilək”.




