“Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihəyə start verilib
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən orta ümumtəhsil müəssisələrində “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihənin icrasına başlanılıb. Layihə ölkə başçısı İlham Əliyevin 27 fevral 2026-cı il tarixli “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir.
“Azərbaycan müəllimi” pilot layihənin ilkin mərhələsinə ADPU-nun baza məktəbi olan Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə start verilib. Bununla bağlı keçirilən tədbiri məktəbin direktoru Könül Təhməzova açaraq müasir dövrdə şagirdlər arasında müşahidə olunan rəqəmsal asılılıq hallarının araşdırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, şagirdlərdə sağlam və balanslı rəqəmsal davranış bacarıqlarının formalaşdırılması, eləcə də XXI əsr bacarıqlarına uyğun sosial-emosional öyrənmə kompetensiyalarının inkişaf etdirilməsi bu gün təhsilin əsas prioritetlərindən biridir. Direktor rəhbərlik etdiyi təhsil ocağında layihənin uğurla həya keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Müəllimlərlə keçirilən ilk görüş zamanı şagirdlərin sosiallaşmasına yönəlmiş pedaqoji yanaşmalar, təlim prosesində rəqəmsal pedaqogika və neyropedaqogika elementlərinin tətbiqi barədə təqdimatlar təqdim olunub. Həmçinin şagirdlərin rəqəmsal mühitdə davranış xüsusiyyətləri, emosional rifahı və sosial adaptasiyası ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, pilot layihəyə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov və İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova rəhbərlik edir. Layihənin psixoloqu isə ADPU-nun Pedaqoji-psixologiya kafedrasının müəllimi Könül Xudazadədir.
Layihə çərçivəsində müəllimlər, valideynlər və şagirdlər üçün üç mərhələdən ibarət maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlər proqramına uyğun olaraq şagirdlərdə rəqəmsal mühitdən balanslı istifadə vərdişlərinin formalaşdırılması, təhlükəsiz internet davranışı barədə maarifləndirmə, həmçinin müəllim-şagird münasibətlərində empatiya, özünüidarəetmə və effektiv ünsiyyət bacarıqlarının gücləndirilməsi layihənin əsas prioritetləri sırasındadır.



