“Rəqəmsal bacarıqlar” 25 regionda: 1645 şagird layihənin iştirakçısı olub

22 Aprel, 2026 - 14:45
“Rəqəmsal bacarıqlar” 25 regionda:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində, Alqoritmik Beynəlxalq Proqramlaşdırma Məktəbi ilə əməkdaşlıq əsasında 2021-ci ildən informasiya texnologiyaları sahəsində ixtisaslaşmaq istəyən şagirdlər üçün təmayüllü siniflər fəaliyyət göstərir.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihəyə 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər qoşula bilirlər.

Hazırda layihə uğurla davam etdirilir və əldə olunan nəticələr kifayət qədər qürurvericidir: artıq ölkənin 25 regionunda, 56 məktəbində bu siniflər fəaliyyət göstərir və ümumilikdə 1645 şagird burada müasir informasiya texnologiyaları üzrə bilik və bacarıqlara yiyələnir.

Layihənin əsas məqsədi şagirdlərdə məktəb illərindən etibarən proqramlaşdırma və informasiya texnologiyaları üzrə fundamental biliklərin formalaşdırılması, onların alqoritmik və məntiqi düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi, layihə əsaslı bacarıqlarının gücləndirilməsi və gələcəkdə bu sahə üzrə peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdır. Tədris prosesi çərçivəsində informatika fənni həftədə 5 dəfə intensiv şəkildə keçirilir və şagirdlərdə 21-ci əsr bacarıqları hesab olunan problem həll etmə, analitik düşünmə və komanda işi kimi kompetensiyalar inkişaf etdirilir.

Tədris yalnız nəzəri biliklərlə məhdudlaşmır. Şagirdlər aparat və proqram təminatı, kompüter şəbəkələri, informasiya və kompüter texnologiyalarında əməliyyat prinsipləri, alqoritmlərin qurulması, Python proqramlaşdırma dili ilə funksiyaların yaradılması, verilənlər bazası ilə iş, verilənlərin təhlili, "JavaScript" ilə ilkin tanışlıq və digər müasir mövzular üzrə biliklər əldə edirlər. Eyni zamanda, praktiki tapşırıqlar və layihələr vasitəsilə bu bilikləri tətbiq edərək öz portfoliolarını formalaşdırmaq imkanı qazanırlar.

Növbəti tədris ili üçün qeydiyyat prosesi 6–30 aprel tarixlərini əhatə edir və digitalskills.edu.az platforması üzərindən onlayn şəkildə həyata keçirilir. Şagirdlər sayta daxil olaraq şəxsi məlumatlarını qeyd edir və qeydiyyatdan keçirlər. Qeydiyyat tamamlandıqdan sonra hər bir iştirakçı üçün fərdi profil yaradılır və istifadəçi məlumatları onların elektron poçt ünvanına göndərilir. Bu məlumatlar vasitəsilə şagirdlər platformaya daxil olaraq həm hazırlıq materiallarından yararlana, həm də imtahanda iştirak edə bilirlər.

Hazırlıq mərhələsində şagirdlər üçün platformada xüsusi resurslar təqdim olunur. Buraya mövzular üzrə hazırlıq testləri, imtahan formatına uyğun məşq testləri (demo versiyalar), eləcə də video dərslər daxildir. Bundan əlavə, qeydiyyat müddətində iki vebinar təşkil olunur. Tanışlıq vebinarında layihə və imtahan prosesi barədə ətraflı məlumat verilir və şagirdlərin sualları cavablandırılır. Digər vebinarda isə informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssis çıxış edərək öz təcrübəsini bölüşür və iştirakçıları motivasiya edir.

İmtahan mərhələsi qeydiyyat başa çatdıqdan sonra, may ayında onlayn formatda keçirilir. İmtahan 90 dəqiqə davam edir və 20 sualdan ibarət olmaqla asan, orta və çətin səviyyələri əhatə edir. Suallar informasiya texnologiyalarının əsasları, internet anlayışları, məntiq, alqoritmlər və "Python" proqramlaşdırmanın ilkin biliklərini əhatə edir. İmtahanın dəqiq tarixi barədə iştirakçılara əvvəlcədən elektron poçt vasitəsilə məlumat təqdim olunur.

İmtahanda 9-cu sinif şagirdləri iştirak edə bilərlər. Bununla yanaşı, Respublika fənn olimpiadalarının (RFO)  riyaziyyat və informatika üzrə yarımfinalçıları və “Məktəblilərarası Milli Hakaton - 2025” finalçıları üçün xüsusi üstünlük nəzərdə tutulur, onlar imtahansız şəkildə birbaşa bu təmayüllü siniflərdə təhsil alma imkanı əldə edirlər.