“Rəqəmsal bacarıqlar” layihəsi 530 minə yaxın şagirdi əhatə edir – Eşqi Bağırov
“Keyfiyyət yalnız mövcud zəif nəticəni yaxşılaşdırmaq deyil. Eyni zamanda şagirdlərdə rəqəmsal savadlılıqla yanaşı, tənqidi və yaradıcı düşünmə, problem həlli, layihələndirmə və komanda ilə işləmək kimi gələcəyin tələb etdiyi bacarıqları inkişaf etdirməkdir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, bu məqsədlə “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatəsi mərhələli şəkildə genişləndirilir. Ötən tədris ilində “Rəqəmsal bacarıqlar” 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbə və təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur. STEAM isə ötən tədris ilində 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib və yeni tədris ilində onun əhatəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.




