Rəqəmsal bacarıqlar artıq bütün ixtisaslar üçün vacibdir – Nazir müavini
Bu gün universitetlərin qarşısında duran əsas suallardan biri necə insan yetişdirməkdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, artıq yalnız diplomlu mütəxəssis yetişdirmək kifayət deyil:
“Biz düşünməliyik ki, müasir universitet necə məzun hazırlamalıdır. Məzunlar əmək bazarının dəyişən tələblərinə uyğunlaşmağı bacarmalı, rəqəmsal biliklərə sahib olmalı, tənqidi və yaradıcı təfəkkürə malik olmalıdırlar”.
F.Qurbanov vurğulayıb ki, müəllimlərin rolu da yeni dövrün tələblərinə uyğun dəyişməlidir:
“Müəllim yalnız bilik translyasiyası ilə məşğul olmamalıdır. Müəllim tələbənin inkişaf trayektoriyasını düzgün müəyyənləşdirməli, onu gələcəyin çağırışlarına hazırlamalıdır. Biz düşünməliyik ki, bugünkü məzunları sabah nə gözləyir və onlar həmin gələcəyə nə dərəcədə hazırdırlar”.
Nazir müavininin sözlərinə görə, rəqəmsal bacarıqlar artıq yalnız informasiya texnologiyaları sahəsində təhsil alanlar üçün deyil, bütün ixtisaslar üzrə vacib kompetensiyaya çevrilib:
“Bu gün hansı ixtisasda təhsil almasından asılı olmayaraq, hər bir tələbə rəqəmsal bacarıqlara yiyələnməlidir. Süni intellektdən istifadə, məlumatlarla işləmək, analitik düşünmək, tənqidi yanaşmaq və yaradıcı həllər təklif etmək müasir məzunun əsas üstünlüklərindən olmalıdır”.




