Rəqəmsal bacarıqlar üzrə diaqnostik qiymətləndirilmə keçirilib
9–28 fevral tarixlərində 5-ci sinif şagirdləri üçün rəqəmsal bacarıqların mövcud səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə informatika fənni üzrə elektron diaqnostik qiymətləndirmə həyata keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ölkə üzrə ümumilikdə 118 137 şagird qiymətləndirmədə iştirak edib.
Təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər genişləndirilir, şagirdlərin müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması diqqət mərkəzində saxlanılır.
Belə ki, qiymətləndirmə 5-ci siniflərdə rəqəmsal savadlılığın ölçülməsi, təhsilin keyfiyyətinin artırılması, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və nəticələrin sistemli şəkildə təhlil olunmasına xidmət edir. Əldə olunan nəticələr tədris prosesinin daha da təkmilləşdirilməsi, metodiki dəstəyin gücləndirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində atılacaq addımların planlaşdırılması üçün əsas kimi istifadə ediləcək.
Qeyd edək ki, qiymətləndirmənin əsas məqsədi şagirdlərin rəqəmsal bacarıqlar üzrə bilik və bacarıq səviyyəsini yüksəltmək, aşağı nəticə göstərən şagirdlərin payını azaltmaq və yüksək nəticə göstərənlərin sayını artırmaqla ümumi keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaqdır. Bu yanaşma rəqəmsal savadlılığın davamlı inkişafını təmin etməyə yönəlib.



