“Rəqəmsal dünyada təhlükəsiz mühit” layihəsi çərçivəsində şagirdlər maarifləndirilib
“Rəqəmsal dünyada təhlükəsiz mühit” – uşaqlar üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramı” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin məqsədi uşaq və yeniyetmələr arasında kibertəhlükəsizlik və kiberbullinq mövzularında maarifləndirmə aparmaq, onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərini inkişafı ilə təhlükəsizliyini təmin etmək və psixososial dəstək göstərməkdir.
Aprel ayı ərzində layihə çərçivəsində Bakıda təhsil alan yeniyetmə və uşaqlar üçün maarifləndirici təlimlər təşkil olunub.
Ümumilikdə 3 qrup olmaqla (2 qrup Bakı şəhəri orta ümumtəhsil məktəbinin orta və yuxarı sinif şagirdləri arasında, 1 qrup isə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin sakinləri arasından paytaxtın müxtəlif orta və peşə məktəbləri və kolleclərində təhsil alanlar arasında), hər birində 25 nəfər iştirak edib və ümumi iştirakçı sayı 75 nəfər olub.
Təlimin məqsədi iştirakçıların kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və onlayn zorakılıq (kiberbullinq) mövzularında bilik və bacarıqlarını artırmaq, həmçinin təhlükəsiz rəqəmsal mühitdə davranış vərdişlərini formalaşdırmaq olub. Təlimdə “Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi əsasları”, “Zorakılıq və bullinq anlayışı”, “Kiberbullinqin qarşısının alınması yolları”, “Rəqəmsal rifah və psixoloji dayanıqlıq” mövzuları əhatə edilib və onun metodikası interaktiv və iştirakçılıq əsaslı metodlarla aparılmasından ibarət olub. Sessiyalarda beyin həmləsi, qrup müzakirələri, rollu oyunlar, situasiya analizi, video-prezentasiyalar və mini testlər kimi üsullardan istifadə edilib.
“Rəqəmsal dünyada təhlükəsiz mühit” – uşaqlar üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramı” layihəsinin işçi qrupu



