“Rəqəmsal məktəb” platforması öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün nəzərdə tutulub – İlahə Rəsulova

22 Dekabr, 2025 - 15:54
“Rəqəmsal məktəb” platforması öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün nəzərdə tutulub

“Rəqəmsal məktəb platforması əsasən Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində tətbiq olunur və bu platformadan müəllimlər, məktəb direktorları, valideynlər və şagirdlər istifadə edirlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O qeyd edib ki, platforma rəqəmsal mühitdə öyrənmə, ünsiyyət və əməkdaşlıq üçün nəzərdə tutulub:

“Məlum olduğu kimi, valideynlər tədris-tərbiyə prosesinin ən vacib iştirakçılarından biridir. Əgər valideynlər tədris və tərbiyə prosesinə yaxından cəlb olunarsa, bu, uşaqların öyrənmə motivasiyasını və nailiyyətlərini artırır. Valideynlər bu portal vasitəsilə müvafiq girişdən keçərək övladlarının qiymətləri ilə tanış ola, həmçinin məktəb rəhbərliyi ilə ünsiyyət qura bilərlər”.

Onun sözlərinə görə, buununla yanaşı, valideynlərin övladlarının təhsil aldığı məktəblər haqqında fikirləri də önəmlidir. Məhz buna görə də portalda valideyn məmnuniyyəti bölməsi yerləşdirilib. Bu bölmədə əsasən üç başlıq altında qruplaşdırılmış 25-ə yaxın sual yer alır”.

İlahə Rəsulova bildirib ki, bu suallar valideyn–məktəb əməkdaşlığına, məktəb mühitinin infrastrukturuna, eləcə də şagirdlərin intizam qaydalarına dair məsələləri əhatə edir. Valideynlər övladlarının təhsil aldığı məktəb haqqında həmin suallara cavab verməklə, bir növ, məktəbə dair öz rəy və fikirlərini, onları narahat edən məqamları bu portal vasitəsilə bildirirlər:

“Bu isə öz növbəsində məktəb rəhbərliyinə növbəti addımları müəyyənləşdirməkdə və inkişaf sahələri üzrə düşünməkdə kömək edir.

Bildiyiniz kimi, “Rəqəmsal məktəb” platforması hələlik yalnız Bakı məktəblərini əhatə edir. Lakin bizim üçün ümumilikdə respublikanın digər bölgələrində də valideyn məmnuniyyəti və valideynlərin məktəblər haqqında fikirləri çox önəmlidir. Məhz buna görə də hazırda rayonlarda bu sorğular kağız formatında toplanır. Həm “Rəqəmsal məktəb” platforması, həm də kağıt formatında toplanan sorğuların nəticələri təhlil edildikdən sonra, məktəblərdə ehtiyac duyulan sahələrə uyğun olaraq seminarların keçirilməsi də nəzərdə tutulur”.