Rəqəmsal təhlükələrə qarşı addım: Bu dəfə müəllimlər öyrənirlər
Ölkəmizdə rəqəmsal transformasiyanın sürətlənməsi və informasiya texnologiyalarının həyatın bütün sahələrinə inteqrasiyası kibertəhlükəsizlik məsələlərini daha da аktual edir. Xüsusilə təhsil mühitində informasiya təhlükəsizliyi üzrə biliklərin artırılması, müəllim və şagirdlərdə rəqəmsal risklərə qarşı düzgün davranış vərdişlərinin formalaşdırılması mühüm prioritetlərdən biridir. Bu baxımdan informatika müəllimlərinin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi gələcək nəslin təhlükəsiz rəqəmsal mühitdə formalaşmasına birbaşa təsir göstərir.
Məhz buna görə informatika müəllimlərinin kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, təhlükəsiz internet istifadəsi və rəqəmsal təhlükələr barədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müəllimlərin əldə etdiyi biliklərin şagirdlərə ötürülməsi informasiya təhlükəsizliyi mədəniyyətinin erkən yaşlardan formalaşmasına, məktəblərdə rəqəmsal savadlılığın artırılmasına və kibertəhdidlərə qarşı daha dayanıqlı təhsil mühitinin yaradılmasına töhfə verir.
Bu istiqamətdə həyata keçirilən layihələr dövlət qurumları, ictimai birliklər və təhsil ictimaiyyəti arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Elə Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyi tərəfindən "İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı" layihəsi də müəllim və şagirdlərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş mühüm təşəbbüslərdən biridir. Artıq adıçəkilən layihənin icrasına başlanılıb. Layihə çərçivəsində 19-20 may tarixlərində Bakıdakı orta ümumtəhsil məktəbinin informatika müəllimləri “Training of Trainers (ToT)” formatında təlim proqramı keçirilib.
Layihənin əsas məqsədi gələcək nəsildə rəqəmsal təhlükəsizlik mədəniyyəti formalaşdırmaqdır
Layihənin açılışında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov çıxış edərək mövzunun aktuallığına diqqət çəkib. O, müəllimlərin informasiya təhlükəsizliyi sahəsində məktəblilərin maarifləndirmədə rolunun vacibliyini vurğulayıb. Qeyd olunub ki, kibermədəniyyətin məktəb səviyyəsindən formalaşdırılması gələcək nəsillərin rəqəmsal təhlükəsizlik bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan müəllimi”nə danışan Rauf Cabarov rəhbərlik etdiyi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən təşkilatların və mütəxəssislərin vahid platforma olduğunu söyləyib. Qeyd edib ki, assosiasiyanın əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik mühitinin gücləndirilməsi, bu sahədə həyata keçirilən tədbirlərin koordinasiyası və sektorun inkişafına dəstək verməkdir: “AKTA ölkədə IT və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətləri, təşkilatları və mütəxəssisləri bir araya gətirərək həm peşəkar əməkdaşlığın genişlənməsinə, həm də kadr hazırlığının gücləndirilməsinə çalışır.
Məlum olduğu kimi, 27 fevral 2026-ci il tarixdə ölkə başçısı İlham Əliyev tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması üçün yaş məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulur. Bu sənəd rəqəmsal təhlükəsizlik baxımından son dərəcə aktual məsələyə toxunur”.
Rauf müəllim bu gün uşaqların sosial şəbəkələrdə aktivliyi artdıqca onların qarşılaşdığı risklərin də çoxşaxəli və kompleks xarakter almasına diqqət çəkib. Bildirib ki, Prezidentin imzaladığı müvafiq sərəncam uşaqların internet mühitində bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı mühüm tədbirləri əhatə edir: “Əslində, "İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı" adlı layihəmiz də bu təşəbbüslə müəyyən mənada üst-üstə düşür. Digər tərəfdən, bu yalnız Azərbaycana aid məsələ deyil, bütün dünyada gedən prosesdir”.
Rauf müəllimin sözlərinə görə, müəllimlərin bu sahədə maariflənməsi xüsusi əhəmiyyət daşıyır: “Müəllim informasiya təhlükəsizliyi ilə bağlı kifayət qədər məlumatlı olmalıdır ki, həmin bilgiləri uşaqlara çatdıra bilsin. Bu gün informasiya təhlükəsizliyi yüksək tələbat olan və perspektivli ixtisaslardan biridir. Cəmiyyətin bütün sahələrində bu mütəxəssislərə ehtiyac var”.
Ali təhsil müəssisələrində kibertəhlükəsizlik istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirdiklərini söyləyən direktor Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində tədris proqramlarının, altı fənni əhatə edən dərsliklər hazırlandığını bildirib. Bildirilib ki, həmçinin 5 ali təhsil müəssisəsində kibertəhlükəsizlik laboratoriyaları fəaliyyət göstərir. AKTA tərəfindən 21 universitetdə kiberklublar yaradıb və hər il tələbələr üçün “Yay məktəb”ləri təşkil edir, mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Rauf müəllim AKTA ilə Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində təqdim olunan bu layihənin məktəblərdə informasiya təhlükəsizliyi biliklərinin artırılmasına birbaşa yönəldiyini deyərək layihənin əsas məqsədinin uşaqlara gündəlik rəqəmsal təhlükələrdən qorunmaq bacarıqları aşılamaq olduğunu söyləyib: “Biz istəyirik ki, informatika müəllimləri bu sahədə əsas biliklər əldə etsinlər və onları şagirdlərə ötürsünlər. Uşaqlar elementar təhlükələrdən qorunmağı bacarmalıdırlar. Bu gün cibdən oğurluq halları azalıb, amma kart və telefon vasitəsilə dələduzluq adi hala çevrilib. Biz kibermühitdə yaşayacaq bir nəsil hazırlayırıq. Bu uşaqlar gündəlik olaraq süni intellektdən istifadə edir, sosial şəbəkələrdə aktivdir və əksər əməliyyatları telefon vasitəsilə həyata keçirirlər. Ona görə də onların rəqəmsal təhlükəsizlik bacarıqlarına sahib olması vacibdir”.
Onun sözlərinə görə, təlimlər müəllimlərdə kibertəhlükəsizliklə bağlı ümumi düşüncə tərzinin formalaşmasına da xidmət edəcək. Layihə çərçivəsində hazırlanacaq təlimat kitabçaları müəllimlərin gələcək fəaliyyətində dəstək rolunu oynayacaq. Bununla yanaşı, informatika müəllimləri əldə etdikləri bilikləri həm dərs prosesində tətbiq edə, həm də öz regionlarında digər müəllimlər üçün mentor və təlimçi kimi fəaliyyət göstərə biləcəklər: “Məqsədimiz gələcəkdə rəqəmsal mühitdə təhlükəsiz davranmağı bacaran, kibertəhlükələrə qarşı hazırlıqlı bir nəsil formalaşdırmaqdır”.
Həm nəzəri, həm də praktik təlimlər
“Code Academy”də təşkil olunan və iki gün davam edən təlimlərdə IT mütəxəssisləri tərəfindən informatika müəllimləri üçün həm nəzəri, həm də praktik təlimlər keçirildi. Praktik məşğələlərdə müəllimlər kibertəhlükəsizliyə giriş, rəqəmsal təhlükələr və kibermüharibə, şəxsi və təşkilati məlumatların qorunması, zərərli proqram təminatları (Malware) və hücum üsulları, sosial mühəndislik, parol və Wİ-Fİ hücumları, təhlükəsizlik boşluqları, proqram yenilənmələri mövzularında biliklərə yiyələndilər, praktiki bacarıqlar və tətbiqi sessiyalarında isə cihaz və şəbəkələrin təhlükəsizliyi, güclü parol siyasəti, 2FA və məxfilik yanaşmaları, Şifrələmə, məlumatların silinməsi və ehtiyat nüsxələnməsi, "Firewall", IDS/IPS, "penetration testing", risklərin idarə olunması, etik və hüquqi məsələlər, kibertəhlükəsizlik karyerası ilə bağlı məlumatlar əldə etdilər.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən təlimlərdən razı qaldıqlarını deyən iştirakçılar təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər.
“Təlimlər həm də praktiki bacarıqların formalaşdırılmasına yönəlib”
“Code Academy”nin proqram rəhbəri, təlimçi Nəriman Əliyev “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” çərçivəsində keçirilən təlimlərin əhəmiyyətinə toxunub. O bildirib ki, sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükələr də daim yenilənir və müəllimlərin bu dəyişikliklərə uyğun biliklər əldə etməsi vacibdir: “Dəyişən dünyada kibertəhlükəsizlik sahəsi də sürətlə inkişaf edir. Biz təlimlərdə əsasən kibertəhlükəsizliyin hansı istiqamətdə getdiyini, müəllimlərin və şagirdlərin nələrə diqqət etməli olduqlarını müzakirə etdik. Məqsədimiz müəllimləri müasir rəqəmsal risklər barədə məlumatlandırmaq və onların bu mövzuda daha hazırlıqlı olmasına dəstək verməkdir”.
Nəriman Əliyevin sözlərinə görə, təlimlər yalnız nəzəri məlumatlarla məhdudlaşmır, əsas diqqət həm də praktiki bacarıqların formalaşdırılmasına yönəlib. O qeyd edib ki, bu yanaşma informatika müəllimlərinin kibertəhlükəsizlik mövzusunu şagirdlərə daha anlaşıqlı və praktik formada çatdırmasına imkan yaradacaq. Təlimlər nəticəsində müəllimlər fişinq hücumları, zərərli keçidlər, məlumat təhlükəsizliyi, sosial şəbəkələrdə təhlükələr və rəqəmsal davranış qaydaları ilə bağlı real nümunələr üzərində işləmək imkanı əldə edəcəklər”.
"Məktəbdə uşaqların təhlükəsizliyi, eyni zamanda valideynlərin, müəllimlərin qarşılaşdığı risklər göstərir ki..."
Bakıdakı 47 nömrəli tam orta ümumtəhsil məktəbin informatika müəllimi Rövşən Alışov keçirilən təlimin müasir dövr üçün olduqca vacib təşəbbüs olduğunu bildirib. Onun sözlərinə görə, kibertəhlükəsizlik artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və cəmiyyətin bütün təbəqələrinin bu sahədə maariflənməsinə ciddi ehtiyac var: “Bu təlim həqiqətən çox vacib və önəmli təşəbbüsdür. Müasir dövrü artıq kibertəhlükəsizlikdən kənar təsəvvür etmək mümkün deyil. Belə təlimlər biz müəllimlər üçün çox vacibdir. Çünki bununla hər gün qarşılaşırıq və gündəlik həyatda müxtəlif problemlər yaranır”.
Rövşən müəllim qeyd edib ki, məktəblərdə şagirdlərin rəqəmsal təhlükəsizliyi məsələsi xüsusilə aktualdır: “Həm məktəbdə uşaqların təhlükəsizliyi, eyni zamanda valideynlərin, müəllimlərin qarşılaşdığı risklər göstərir ki, bu sahədə məlumatlılıq çox vacibdir. İnsanlar kibertəhlükələr barədə nə qədər məlumatlı olsalar, risklərdən qorunmaq da bir o qədər asan olar”.
“Kibertəhlükəsizlik barədə ətraflı məlumat əldə etdik”
Bakıdakı 103 nömrəli tam orta ümumtəhsil məktəbin informatika müəllimi Şəbnəm Məlikova təlimin informatika müəllimləri üçün olduqca faydalı və aktual olduğunu deyib. O qeyd edib ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı kibertəhlükəsizlik mövzusunu daha da vacib edir və müəllimlərin bu sahədə maariflənməsi xüsusi əhəmiyyət daşıyır: “Təlimdə günümüzün ən aktual mövzularından biri olan kibertəhlükəsizlik barədə ətraflı məlumat əldə etdik. Bildiyimiz kimi, texnologiya sürətlə inkişaf edir və bununla paralel olaraq təhlükəsizlik məsələləri də daha vacib hala gəlir. Burada öyrəndiklərimizi şagirdlərimizə çatdıracaq, onları kibertəhlükələr və rəqəmsal təhlükəsizlik qaydaları barədə məlumatlandıracağıq. Düşünürəm ki, əldə etdiyimiz bilik və bacarıqlar uşaqların internet mühitində daha təhlükəsiz davranmasına kömək edəcək”.
Maarifləndirən müəllimlərdir
Digər müsahimiz Pərvanə Bayramova paytaxtdakı 20 nömrəli məktəb-liseyin informatika müəllimidir. Deyir ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə müəllim və şagirdlərin kibertəhlükəsizlik, məlumatların qorunması və rəqəmsal savadlılıq sahəsində biliklərinin artırılması olduqca vacibdir: “İnformatika müəllimi olaraq hesab edirəm ki, bu cür təlimlər həm müəllimlərin peşəkar inkişafına, həm də şagirdlərin təhlükəsiz rəqəmsal mühitdə fəaliyyət göstərməsinə böyük töhfə verir. Təlim zamanı biz müəllimlər internet təhlükələri, şəxsi məlumatların qorunması, təhlükəsiz şifrə istifadəsi, sosial şəbəkələrdə düzgün davranış qaydaları, kibercinayətkarlıqdan qorunma üsulları kimi mühüm mövzular barədə ətraflı məlumat əldə etdik.
Düşünürəm ki, belə layihələrin davamlı şəkildə həyata keçirilməsi məktəblərdə rəqəmsal təhlükəsizlik mühitinin gücləndirilməsinə, müəllimlərin innovativ yanaşmalarının inkişafına və şagirdlərin texnologiyalardan düzgün istifadəsinə mühüm dəstək olacaqdır. Bu təlimlər həm də müəllimlər arasında təcrübə mübadiləsinin aparılması və yeni biliklərin paylaşılması baxımından da faydalıdır”.
Pərvanə Bayramova hesab edir ki, maarifləndirmə prosesində müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır: “Maarifləndirən müəllimlərdir. Müəllimlərin məlumatlı olması vacibdir ki, onlar bu bilikləri şagirdlərə, valideynlərə və ümumilikdə cəmiyyətə çatdıra bilsinlər”.
Foto: Kənan Qafarov



