Rəqəmsallaşma artıq iqtisadiyyatda idarəetmənin baza prinsipi kimi çıxış edir - Əminağa Sadıqov
“Azərbaycan dövləti qısa zaman ərzində çox möhtəşəm yol keçərək dövlət quruculuğunda çoxsaylı mühüm nailiyyətlərə imza ataraq bugünkü inkişaf etmiş demokratik, firavan, sabit dövlətə çevrilmişdir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov bu gün SDU-da keçirilən "I Beynəlxalq maliyyə, mühasibatlıq, audit, və rəqəmsallaşma" Simpoziumunun açılışında qeyd edib.
Ə.Sadıqov Konstitusiya Gününə təsadüf edən simpoziumun işinə uğurlar arzulayıb, iştirak edən qonaqlara və tərəfdaşlara təşəkkür edib. Təyyarə qəzasında şəhid olan türk hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verib.
"Bugünkü tədbir maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma mövzusuna həsr olunmuş birinci simpoziumdur və əminəm ki, bu rəqəmlərin sayı artacaq. Birinci simpoziumun Azərbaycanda keçirilməsi çox əlamətdar haldır, nəzərə alsaq ki, Azərbaycan artıq türk dövlətləri arasında ilk sıralarda, mühüm rollarda çıxış edir", - deyə Əminağa Sadıqov qeyd edib.
Onun sözlərinə görə maliyyə çoxdandır ki, iqtisadiyyatın qan dövranına çevrilib. “Mühasibatlıq hər zaman iqtisadiyyatda şəffaflıq, hesabatlılıq aləti kimi tətbiq olunub. Audit güvən, etibarlılıq yaradan alət kimi tətbiq olunur. Rəqəmsallaşma artıq nəinki yeni bir texnologiya kimi, iqtisadiyyatda idarəetmənin baza prinsipi kimi çıxış edir. Süni intellekt, böyük verilənlər bazası artıq iqtisadiyyatın əsasını təşkil edir və yeni-yeni aktual mövzular meydana gətirir. Simpozium məhz bu kimi problemlərin araşdırılmasına, yeni tövsiyələrin hazırlanmasına xidmət edəcəkdir".



