RFO-nun mərhələlərinin sayı artırıla bilər
“Respublika fənn olimpiadalarının (RFO) təşkili və keçirilməsində böyük dəyişiklik yoxdur. Lakin ola bilsin ki, rayon və şəhər mərhələsindən öncə məktəb turlarının keçirilməsi gündəmə gəlsin. Çünki ötən il rayon və şəhər mərhələsinin nəticələrini analiz edərkən müəyyən sayda şagirdin sadəcə imtahanda iştirak etmək həvəsi ilə gəldiyini gördük”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O bildirib ki, olimpiadalarda daha bacarıqlı uşaqların iştirak etməsi arzu olunur: “İstər lisey və gimnaziyalara müraciət edən şagirdlərin sayı, istərsə də olimpiadalarda iştirak edəcək uşaqların sayında bizi kəmiyyət yox, keyfiyyət maraqlandırır. Kəmiyyət azala bilər, ancaq daha keyfiyyətli proses həyata keçirilə bilər. Ola bilsin ki, bu istiqamətdə müəyyən bir dəyişiklik olsun. Olimpiadalar yenə 2 mərhələdən ibarət olacaq və ikinci mərhələ 2 turdan təşkil ediləcək: rayon–şəhər mərhələsi və respublika mərhələsi”.


