RFO-nun yarımfinalı yekunlaşdı: Hansı region daha aktivdir?
Fevralın 28-də ölkə üzrə Respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsi baş tutub.
Respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsi ölkənin demək olar ki, hər bir guşəsində – Bakıdan tutmuş ən ucqar dağ kəndlərinə qədər minlərlə istedadlı gənci eyni amal ətrafında birləşdirib. Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənlərini əhatə edən bu mərhələdə Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarının ümumilikdə 8469 şagirdi iştirak edib.
Statistikaya nəzər saldıqda iştirakçı sayına görə bəzi regional təhsil idarələrinin (RTİ) xüsusi çəkisi dərhal diqqəti cəlb edir. Paytaxt Bakının ənənəvi dominantlığını kənara qoysaq, regionlar arasında Abşeron-Xızı (809 şagird), Şəki-Zaqatala (638 şagird) və Qazax-Tovuz (622 şagird) bölgələri kütləvilik baxımından ön sıralarda qərarlaşıb. Bu göstərici sözügedən regionlarda olimpiada hərəkatının nə dərəcədə geniş yayıldığını və şagirdlər arasında intellektual yarışlara marağın yüksək olduğunu sübut edir. Mərkəzi Aran (537 şagird) və Gəncə-Daşkəsən (528 şagird) regionları da kifayət qədər ciddi təmsilçiliklə rəqabətə qoşulub. Bu bölgələrdəki iştirakçı sıxlığı həm də istedadlı uşaqların aşkar edilməsi istiqamətində aparılan məqsədyönlü işin nəticəsi kimi qiymətləndirilə bilər.
Lənkəran-Astara (435 şagird) və Quba-Xaçmaz (386 şagird) regionları özünəməxsus stabilliyi ilə seçildiyi halda, Dağlıq Şirvan (292 şagird), Şərqi Zəngəzur (257 şagird) və Şirvan-Salyan (249 şagird) regionları da aktiv iştirakçı sayı ilə olimpiada hərəkatına öz töhfəsini verib. Mil-Muğan (238 şagird) və Qarabağ (232 şagird) bölgələrindəki kimi bölgələrdə iştirakçı sayının bir qədər az
olması bu ərazilərdəki şagirdlərin ümumi sayının nisbətən azlığı ilə izah oluna bilər.
Xüsusilə vurğulamaq lazımdır ki, olimpiadada yalnız IX-XI siniflər deyil, həm də xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakına şərait yaradılıb.
Nəticələr isə martın 11-dən etibarən açıqlanacaq.



