RFO-ya birgə hazırlaşdılar, üçü də qalib oldu - Şirvan məktəbinin 3 medalçısı
Respublika fənn olimpiadalarının (RFO) qalibləri ilə silsilə müsahibələrimiz davam edir. “Azərbaycan müəllimi” bu dəfə oxucularını Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya üzrə üç olimpiada qalibi ilə tanış edir.
VIII sinif şagirdi Tuba İskəndərli coğrafiyaya olan sevgisinin və müəlliminə duyduğu hörmətin onu bu müsabiqəyə gətirdiyini vurğulayır. Onun sözlərinə görə, bu fənn onun üçün sadəcə dərs deyil, zövq mənbəyidir. Tuba olimpiadaya böyük həvəslə hazırlaşdığını, gündə 7-8 saatını coğrafiyaya sərf etdiyini bildirir. Müəllimi Muxsə Məlikova və yoldaşlarının dəstəyi onun üçün əsas motivasiya mənbələrindən biri olub. O, əvvəlcədən qızıl medal qazanacağına inandığını və özünəinamın uğurun əsas şərtlərindən biri olduğunu qeyd edir. Gələcəkdə böyük bir şirkətin rəhbəri – CEO olmağı qarşısına məqsəd qoyan Tuba qazandığı qızıl medalı ona inanan insanların etimadına verilən ən gözəl cavab hesab edir.
XI sinif şagirdi Nəzir Məmmədov isə coğrafiya fənninə olan marağının onu bu yola gətirdiyini bildirir. Onun sözlərinə görə, dostunun bu sahədə üçqat medalçı olması ona əlavə motivasiya verib. Olimpiadaya müəllimi və yoldaşları ilə birlikdə hazırlaşan Nəzir əvvəlki ildə qazandığı bürünc medalın ona özünəinam qazandırdığını deyir. Gələcəkdə iqtisadiyyat sahəsində təhsil almağı planlaşdıran şagird paralel olaraq İT sahəsinə də maraq göstərmək niyyətindədir. Hesab edir ki, olimpiadada qazandığı uğur gələcək nailiyyətlərinin başlanğıcıdır.
Digər qalib Əsnad Nuri də VIII sinif şagirdidir. O bildirir ki, coğrafiyaya olan marağı və məktəbdə digər uğurlu şagirdlərin nümunəsi onu olimpiadaya qoşulmağa həvəsləndirib. Müəllimi ilə birlikdə sistemli şəkildə hazırlaşan Əsnad gündəlik 6-7 saat bu fənnə vaxt ayırdığını deyir. O da qalib olacağına əvvəlcədən inandığını və bu inamın onu daha çox çalışmağa sövq etdiyini vurğulayır. Əvvəllər biologiya üzrə müsabiqədə final mərhələsinə yüksəlməsi onun ilk uğurlarından olub. Gələcəkdə kompüter mühəndisi olmaq istəyən Əsnad qazandığı nailiyyəti sadəcə medal kimi deyil, zəhmətinin və fənnə olan sevgisinin nəticəsi kimi dəyərləndirir.
Qeyd edək ki, bu 3 şagirdi olimpidaya məktəbin coğrafiya müəllimi Muxsə Məlikova təmannasız şəkildə hazırlaşdırıb.
Beləliklə, Şirvan məktəbinin bu üç gənc istedadının uğur hekayəsi bir daha göstərir ki, məqsədyönlülük, zəhmət və özünəinam bir araya gəldikdə böyük nailiyyətlər qaçılmaz olur. Onların hər biri fərqli arzulara sahib olsa da, ortaq nöqtələri seçdikləri yolda əzmlə irəliləmələri və biliklərini daim inkişaf etdirmələridir. Müəllim dəstəyi, sağlam rəqabət mühiti və şəxsi motivasiya bu uğurun əsas sütunlarını təşkil edir.



