Rutin işləri süni intellektə həvalə edib daha yaradıcı işlər görə bilərik - Hasil Abbasov
“Süni intellektin inkişafı gələcəkdə işlərin tamamilə yox olması deyil, daha çox tapşırıqların dəyişməsi ilə nəticələnəcək. Təkrarlanan işlərin avtomatlaşdırılması insanların daha yaradıcı və strateji fəaliyyətlərə yönəlməsinə imkan yaradacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Gələcəyin Peşələri Sammiti”ndə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.
O, Massaçusets Texnologiya İnstitutunun yanaşmasına istinad edərək qeyd edib ki, texnologiyaların inkişafı əmək bazarında mövcud peşələrin məzmununu dəyişir, eyni zamanda yeni məşğulluq imkanları yaradır.
H.Abbasov bildirib ki, süni intellektin hazırkı imkanları insanların daha strateji və yaradıcı düşünməsi üçün geniş şərait yaradır:
“Təkrarlana bilən işləri avtomatlaşdırdığına görə biz artıq rutin işləri süni intellektə həvalə edib, özümüz daha yaradıcı, daha geniş və daha çox dəyər qatan işlər ortaya qoya bilərik”.
Agentlik sədri gələcəyin əmək bazarına hazırlıq baxımından düzgün peşə seçiminin, bacarıqların inkişaf etdirilməsinin və peşə hazırlığının əhəmiyyətini də vurğulayıb.
Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi peşəyönümü xidmətləri vasitəsilə əmək qabiliyyətli əhalini, xüsusilə peşə seçimi qarşısında olan yeniyetmələri və bu prosesdə mühüm rol oynayan valideynləri məlumatlandırmağa çalışır.
“Agentliyin fəaliyyətində peşə hazırlığı da əsas istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər əmək bazarında özünə yer tapmaqda çətinlik çəkən vətəndaşların gələcəyə yönəlmiş peşə və bacarıqlara yiyələnməsinə xidmət edir.
Bundan əlavə, texnoloji dəyişikliklərə uyğunlaşmaq üçün insanların bilik və bacarıqlarını davamlı inkişaf etdirməsi mühüm əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.




