"SABAH.angels" üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb
SABAH Mələk İnvestorlar Klubunun (SABAH.angels) üzvləri azərbaycanlı təsisçilərin yaratdığı Clopos Inc. şirkətinə ümumilikdə 500 min AZN investisiya yatırıb. İnvestisiya prosesi klubun baş icraçı direktoru Alya Abbaszadənin rəhbərliyi ilə təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "SABAH.angels"in ümumilikdə beşinci investisiyası, eyni zamanda klubun ilk yerli startap investisiyasıdır.
2023-cü ildə yaradılmış "SABAH.angels" erkən mərhələli texnologiya şirkətlərini mələk investorlarla bir araya gətirən investisiya klubudur. Klubun fəaliyyəti investor şəbəkəsinin inkişafını, startapların qiymətləndirilməsini, investisiya imkanlarının üzvlərə təqdim olunmasını və investisiya proseslərinin təşkilini əhatə edir. Məqsəd inkişaf potensialı olan şirkətlərin kapitala çıxışını və investorların bu şirkətlərdə iştirakını genişləndirməkdir.
"SABAH.angels" hazırda 180-dən çox aktiv mələk investoru birləşdirir. Onlardan 69-u investisiya proseslərində müntəzəm iştirak edir. Müxtəlif sahələrdə təcrübəsi olan investorları bir araya gətirən klub ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikada yüksək inkişaf potensialına malik erkən mərhələli startaplara diqqət yetirir.
Kluba təqdim olunan layihələr maliyyə, investisiya, mühəndislik, informasiya texnologiyaları və digər sahələrdə təcrübəsi olan 11 klub üzvündən ibarət Seçim Komitəsi tərəfindən qiymətləndirilir. Təhlil zamanı biznes modeli, bazar potensialı, məhsulun rəqabət üstünlükləri, komandanın icra qabiliyyəti və miqyaslanma imkanları nəzərə alınır. Qiymətləndirmə həm layihənin kommersiya perspektivlərini, həm də komandanın inkişaf planlarını həyata keçirmək imkanlarını əhatə edir. Seçilmiş layihələr investisiya üçün klub üzvlərinə təqdim olunur.
Clopos-a yatırılan sərmayə yerli kapitalın Azərbaycan təsisçilərinin yaratdığı və beynəlxalq bazarlarda fəaliyyət göstərən texnologiya şirkətinə yönəldilməsi baxımından əhəmiyyət daşıyır. Bu investisiya klubun yerli startapları investorlarla əlaqələndirmək istiqamətində fəaliyyətinin nəticələrindən biridir.
2018-ci ildə yaradılmış Clopos restoran, kafe və digər iaşə müəssisələri üçün bulud əsaslı POS və idarəetmə həlləri təqdim edir. Platforma satış, ödəniş, anbar, maliyyə və gündəlik əməliyyatların vahid sistemdən idarə olunmasına imkan yaradır. Hazırda 13-dən çox ölkədə 4 500-dən artıq aktiv müştəriyə xidmət göstərən şirkətin baş ofisi Nyu-Yorkda, tədqiqat və inkişaf mərkəzi isə Bakıda yerləşir.
Azərbaycanda texnologiya sahibkarlığının inkişafı üçün maliyyələşmə ilə yanaşı, elm, təhsil və biznes imkanlarını birləşdirən mühit də əhəmiyyətlidir. Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında yaradılmış SABAH.city innovasiya şəhərciyi startapları, texnologiya şirkətlərini, universitetləri, tədqiqatçıları və investorları bir araya gətirir. Şəhərcik startapların inkişafı, tədqiqatların kommersiyalaşdırılması və elm ilə biznes arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır. Ekosistem daxilində inkubasiya və akselerasiya proqramları, mentorluq və tərəfdaş şəbəkəsinə çıxış vasitəsilə sahibkarlara ideyadan biznesin böyüməsinədək müxtəlif mərhələlərdə dəstək göstərilir.
Baş icraçı direktor Alya Abbaszadənin rəhbərlik etdiyi "SABAH.angels" qarşıdakı dövrdə də yüksək inkişaf potensialına malik yerli və regional startapları investorlarla əlaqələndirməyi, yerli investorların erkən mərhələli investisiyalarda iştirakını genişləndirməyi və Azərbaycanın regional innovasiya ekosistemində mövqeyinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.




