SABAH.city-də tədris ilinin ilk dərs günü keçirilib

16 Sentyabr, 2026 - 15:57
SABAH.city-də tədris ilinin ilk dərs günü keçirilib

Sentyabrın 15-də SABAH.city innovasiya şəhərciyində yeni tədris ilinin ilk dərs gününə həsr olunmuş açılış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə ADNSU məlumat yayıb.

Tədbirdə SABAH.city innovasiya şəhərciyinin baş icraçı direktoru Nihat Məcidov iştirak edib. O, tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, onlara təhsil, elmi fəaliyyət və gələcək karyeralarında uğurlar arzulayıb.

Nihat Məcidov SABAH.city-nin yaradılma məqsədi, missiyası və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, innovasiya şəhərciyi müasir təhsil, elm, innovasiya və sahibkarlığın vahid ekosistem çərçivəsində inkişafını, universitet–sənaye əməkdaşlığının gücləndirilməsini, eləcə də gənclərin tədqiqat və innovasiya fəaliyyətinə cəlb olunmasını hədəfləyir.

Tədbirdə tələbələrin suallarını cavablandıran Nihat Məcidov SABAH.city-də yaradılan imkanlar, təhsil və tədqiqat mühiti, həyata keçirilməsi nəzərdə tutulan layihələr və inkişaf perspektivləri barədə fikir və məlumatlarını bölüşüb.

Sual-cavab sessiyası ilə davam edən görüşdə tələbələr SABAH.city-nin fəaliyyəti və yaradılan imkanlarla bağlı suallarını ünvanlayıb, fikir və təkliflərini səsləndiriblər.

SABAH.city-də tədris ilinin ilk dərs günü keçirilib
SABAH.city-də tədris ilinin ilk dərs günü keçirilib