Şagirdlər distant təhsilə məktəbdə qoşulacaqlar

13 Yanvar, 2026 - 12:44
Şagirdlər distant təhsilə məktəbdə qoşulacaqlar

“Məktəb yoxdur deyə kənd boşalmır. Əslində, məktəbin bağlanması və ya məktəbin distant təhsilə keçməsi kəndin boşalmasının nəticəsidir. Gəlin, bu səbəb-nəticə əlaqələrini qarışdırmayaq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində səsləndirib.

O bildirib ki, distant təhsilə keçid bəlkə də çoxdan edilməli idi: “Elə bu fikirlər bizi saxlayırdı ki, kənddə məktəbi bağlasaq, nə olar? Amma məktəbin orada olmasından asılı olmayaraq, o kənd boşalır və bu, dünyada gedən bir prosesdir. Tək Azərbaycanın problemi deyil, urbanizasiya məsələsidir.

İkinci tərəfdən, bu məktəblər bağlanmır, onlar yenə də mərkəz kimi fəaliyyət göstərir. Uşaqlar səhər tezdən durub məktəbə gəlirlər. O məktəblərdə bir məktəb heyəti də olur. Düzdür, bütün fənn müəllimlərindən ibarət deyil, amma üç-beş nəfər heyət var ki, uşaqları qəbul edir, sinifdə onları təşkil edir. Hər şagird üçün bir kompüter nisbəti təmin ediləcək, kompüterlər dövlət tərəfindən məktəbə veriləcək. Uşaqlar məktəbdə internet vasitəsilə müəllimin dərsinə qoşulacaqlar. Sinif zəngi çalanda uşaqlar sinfə daxil olacaq, müəllimi dinləyəcək və aktiv iştirak edəcək. Bunu təmin edən məktəb kollektivi olacaq”.

Vəfa Yaqublu qeyd edib ki, distant təhsilə keçiddə əsas məsələ büdcəyə qənaət deyil, hər bir şagirdə keyfiyyətli təhsil verməkdir. Əsas məqsəd odur ki, az şagirdli məktəbdə oxuyan şagirdə keyfiyyətli təhsil verilsin.