Şagird sayı az olan məktəblərdə bəzi fənlər hibrid formada keçirilə bilər
“Şagird sayı az olan məktəblərdə keyfiyyətin aşağı olması bir neçə rakursdan öyrənilib. Bu həm sosial-iqtisadi göstəricidir, digər tərəfdən isə müəllim keyfiyyəti ilə bağlıdır. Bir çox hallarda şagird sayı az olan məktəblərdə xeyli fənn üzrə müəllim çatışmır. 2–3 il ardıcıl olaraq şagirdlər hər hansı fənni öyrənə bilmirlər. Bu, doğrudan da ciddi bir siqnaldır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində səsləndirib.
Onun sözlərinə görə, bəzən bütöv bir sinif kimya dərsini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur: “Bunun da müəyyən səbəbləri var. Şagird sayı az olan məktəblərdə dərs saatı az olur və müəllimin əməkhaqqısı dərs saatları əsasında formalaşır.
Bütün bu məsələlər uzun müddət müzakirə olundu ki, kadr təminatını necə yaxşılaşdıraq, gəncləri necə həvəsləndirək ki, şagird sayı az olan məktəblərdə işləməyə getsinlər.
Bu gün texnologiyanın verdiyi imkanlar bizi belə bir fikrə gətirdi ki, ilkin mərhələdə hibrid formada, yəni hansı fənn üzrə müəllim yoxdursa, həmin fənni şagirdlər rayon mərkəzində yerləşən bir məktəbə internet vasitəsilə bağlanaraq öyrənsinlər. Rayonun ən yaxşı - sertifikasiya balı yüksək olan, metodiki bilikləri və öyrətmə səriştəsi güclü olan müəllim həmin uşaqlara distant təhsil versin.
Bu təcrübə bir çox ölkələrdə mövcuddur. Elə postsovet məkanında olan bir neçə ölkədə də orta təhsil səviyyəsində bu tətbiq olunur. Bu, bir imkandır. Düzdür, hamımız üçün komfort zonadan çıxış deməkdir, bu, tamamilə başqa bir reallıqdır. Bunun öz problemləri olacaq, amma düşünürük və buna əminik ki, bu yanaşma daha az problem yaradacaq”.



