Şagird və müəllimlərin geyimi ilə bağlı tələblər məktəblərdə peşəkar mühiti gücləndirəcək – Deputat

16 İyun, 2026 - 13:25
Şagird və müəllimlərin geyimi ilə bağlı tələblər məktəblərdə peşəkar mühiti gücləndirəcək

Hazırda dövlət ümumtəhsil müəssisələrində vahid yanaşmanın tətbiqi ilə bağlı mühüm dəyişikliklər daha sistemli, məqsədyönlü və səmərəli təhsil mühitinin formalaşmasına xidmət edir. Məktəb yalnız bilik və bacarıqların verildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, sosial davranış qaydalarının mənimsənildiyi və vətəndaş məsuliyyətinin inkişaf etdiyi mühüm ictimai institutdur. Buna görə də, məktəbdə tətbiq olunan qaydalar cəmiyyətin qəbul etdiyi etik prinsiplərə, milli-mənəvi dəyərlərə və eyni zamanda, müasir təhsil tələblərinə tam uyğun gəlməlidir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iyunun 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.

O bildirib ki, bu yanaşma məktəbdə formalaşdırılan mühit gələcəkdə cəmiyyətin inkişafına birbaşa təsir göstərir. Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Şagirdlərin məktəbli formasına riayət etməsinin qanunvericilikdə təsbit olunması, müəllimlər üçün isə işgüzar geyim standartlarının müəyyənləşdirilməsi təhsil müəssisələrində peşəkar mühitin gücləndirilməsinə yönəlmiş addımlardan hesab edilə bilər. Bu tədbirlər məktəbdə nizamın, məsuliyyətin və qarşılıqlı hörmətin möhkəmləndirilməsini tam dəstəkləyir.