Şagirdlər arasındakı mübahisə ilə bağlı araşdırma aparılır – AÇIQLAMA
Fevralın 5-də Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranmış mübahisə zamanı biri digərinə xəsarət yetirib. Sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
"Qeyd edirik ki, idarə, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Aparılan araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - məlumatda qeyd olunub.
"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 05.02.2026-cı il tarixində saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.



