Şagirdlər beynəlxalq süni intellekt olimpiadasında iştirak edəcəklər

27 Fevral, 2026 - 15:08
Şagirdlər beynəlxalq süni intellekt olimpiadasında iştirak edəcəklər

Azərbaycanlı şagirdlər beynəlxalq süni intellekt olimpiadasında iştirak edəcəklər.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Global Olympiad Center" tərəfindən təsis edilən AI Azerbaijan Süni İntellekt Olimpiadası 14 mart 2026-cı il tarixində Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində keçiriləcək. Olimpiada süni intellekt sahəsinə maraq və istedadı olan şagirdlər üçün ölkə üzrə seçim mərhələsi xarakteri daşıyır. Qeydiyyat 13 mart saat 12:00-dək goc.edu.az saytı vasitəsilə aparılır.

Olimpiada iki kateqoriya üzrə təşkil olunur. 5–8-ci sinif şagirdləri "Junior Division", 9–11-ci sinif şagirdləri isə "Senior Division" kateqoriyasında iştirak edəcəklər. Yarış iki mərhələdən ibarətdir. Birinci mərhələdə iştirakçılar riyaziyyat və məntiq üzrə sualları cavablandıracaq, ikinci mərhələdə isə süni intellekt sahəsinə dair nəzəri və praktik tapşırıqları yerinə yetirəcəklər. Bu mərhələdə analitik düşünmə, problem həlletmə və texnoloji savadlılıq kimi bacarıqlar qiymətləndiriləcək.

Ən yüksək nəticə göstərən 10 şagird 2026-cı ildə Əbu-Dabidə keçiriləcək "International Olympiad in Artificial Intelligence" (IOAI) final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Beynəlxalq finalda 109 ölkənin iştirak edəcəyi gözlənilir.

Məlumata görə, təşəbbüs gənclər arasında müasir texnologiyalara marağın artırılması istiqamətində həyata keçirilir. Layihə çərçivəsində süni intellekt sahəsində istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların potensialının inkişaf etdirilməsi nəzərdə tutulur. Olimpiadanın ödənişsiz əsaslarla təşkil olunduğu bildirilir.

Qeyd olunur ki, AI Azerbaijan Süni İntellekt Olimpiadası ölkədə rəqəmsal savadlılığın artırılması və innovativ düşüncənin təşviqi baxımından mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.