Şagirdlər robotları bir platformadan idarə edən sistem hazırladılar

23 Mart, 2026 - 13:23
Şagirdlər robotları bir platformadan idarə edən sistem hazırladılar

"Özümü süni intellekt və dron texnologiyaları sahəsində inkişaf etdirərək ölkəmizin texnoloji inkişafına töhfə vermək əsas məqsədlərimdən biridir".

Ölkədə məktəblilərin elmi və texnoloji sahələrə marağının artırılması məqsədilə keçirilən müsabiqə və layihələr gənclərin potensialının üzə çıxarılmasına mühüm töhfə verir. Bu baxımdan müxtəlif beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak edən region məktəbliləri əldə etdikləri uğurlarla diqqət çəkirlər. Şəki-Zaqatala regionunun istedadlı şagirdləri də robot texnologiyaları, proqramlaşdırma və süni intellekt sahələrində qazandıqları nailiyyətlərlə seçilirlər.

Belə uğurlu şagirdlərdən biri də Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Anar Əliyevdir. O, məktəb illərindən texnologiyaya böyük maraq göstərdiyini bildirir.

Anar Əliyevin sözlərinə görə, texnologiya sahəsinə marağı aşağı siniflərdən başlayıb. VI sinifdən respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edib: “İlk dəfə 2021-ci ildə Azərbaycanda keçirilən “Teknofest” yarışmasına qoşulmuşam. Həmin vaxt 6-cı sinifdə oxuyurdum. Komandamızın layihəsi ilə fərqlənənlər arasında yer aldıq. Bu yarış mənim texnologiya sahəsində keçirilən müsabiqələrə daha fəal qoşulmağıma stimul verdi”.

Anar Əliyev sonrakı illərdə də müxtəlif beynəlxalq və respublika yarışlarında iştirak edərək uğurlar qazanıb. O bildirir ki, Dünya Robot Olimpiadası çərçivəsində təşkil olunan layihələrdə hər il iştirak edərək fərqlənən komandalar arasında yer alıblar və 2024–2025-ci tədris ilində ikinci yerə layiq görülüblər.

Şagird eyni zamanda STEAM Azərbaycan beynəlxalq layihəsi, “Kod saatı” və digər texnoloji layihələrdə iştirak edərək müxtəlif medal və sertifikatlar qazanıb. 2025-2026-cı tədris ilində STEAM Azərbaycan beynəlxalq yarışında “FLY TECH” kateqoriyası üzrə təmsil olunduğu “Turbomind” komandası ikinci yerə layiq görülüb.

Anar Əliyev qeyd edir ki, beynəlxalq yarışlarda da uğurlu nəticələr əldə ediblər: “2025-ci ildə Dünya Robot Olimpiadasının Azərbaycan turnirinin respublika üzrə seçmə mərhələsində “RC-CRAFT” pilotsuz uçuş aparatlarının idarə olunması üzrə hazırladığımız layihə ilə birinci yerə layiq görüldük və Azərbaycanı Hindistanda təmsil etmək hüququ qazandıq. Həmin ilin avqust ayında keçirilən final mərhələsində dünya üzrə ikinci yeri qazandıq”.

O əlavə edir ki, komanda ilə birlikdə müxtəlif robot texnologiyaları yarışlarında da iştirak edib: “STEAM Azərbaycanın əməkdaşlığı ilə keçirilən VEX robot texnologiyaları yarışında komandamızla birlikdə ikinci yeri qazanmışıq. Bu yarışlarda komanda işi və əməkdaşlıq çox vacib rol oynayır”.

Anar Əliyev bildirib ki, “Sabahın alimləri” müsabiqəsi də onun üçün maraqlı layihələrdən biri olub. Buna görə o, bu müsabiqədə də iştirak etmək qərarına gəlib.

Şagirdin sözlərinə görə, layihə robot texnologiyaları və süni intellekt kateqoriyası üzrə hazırlanıb və fərqli regionlardan olan şagirdlərin əməkdaşlığı nəticəsində ortaya çıxıb: “Komanda yoldaşımla SAF 2025 festivalında tanış olmuşduq. Eyni maraq dairələrimiz bizi bu müsabiqədə birgə iştirak etməyə sövq etdi. Layihə üzərində işləmək üçün tez-tez Bakı şəhərində görüşür, əsas işləri isə onlayn əməkdaşlıq vasitəsilə həyata keçirirdik. Maraqlı tərəfi isə o idi ki, layihəmiz iki fərqli regionun şagirdlərini birləşdirirdi”.

Anar Əliyev bildirib ki, onların hazırladığı “IMF SWARM” adlı layihədə müxtəlif robot texnologiyalarının vahid sistemdən idarə olunması nəzərdə tutulur: “Layihədə V-TOL tipli uçuş aparatı, sualtı robot və üç ədəd FPV dronun bir platformadan idarə olunması sistemi hazırlanıb. Hər bir robot öz süni intellektinə malikdir və xəritələmə, araşdırma və inspeksiya kimi funksiyaları yerinə yetirə bilir”.

Gələcək planlarından danışan Anar Əliyev texnologiya sahəsində təhsilini davam etdirmək istədiyini qeyd edib: “Xüsusilə FPV dronlarının idarə olunması və dronların avtonom şəkildə proqramlaşdırılması sahəsi mənə çox maraqlıdır. Gələcəkdə bu istiqamətdə biliklərimi artırmaq istəyirəm”.

Şagird bildirir ki, məqsədlərindən biri də beynəlxalq yarışlarda ölkəsini təmsil etməkdir: “Bu sahədə təhsilimi Almaniyada davam etdirmək və əldə etdiyim bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmək istəyirəm. Özümü süni intellekt və dron texnologiyaları sahəsində inkişaf etdirərək ölkəmizin texnoloji inkişafına töhfə vermək əsas məqsədlərimdən biridir”.