“Sağlam məktəbli”: Enerji içkiləri məktəbli orqanizminin qaldıracağı yük deyil
Məktəblilər arasında enerji içkilərinə marağın artması həkimləri ciddi narahat edən məsələlərdən biridir. TƏBİB-in yeni “Sağlam məktəbli” rubrikasında bu dəfə enerji içkilərinin uşaqların sağlamlığına təsiri ilə bağlı vacib məqamlara diqqət çəkilib.
Rubrikada qeyd olunur ki, enerji içkiləri uşaqların və yeniyetmələrin inkişaf mərhələsində olan ürək-damar, sinir və endokrin sistemlərinə ciddi zərər vura bilər.
Lökbatan Tibb Mərkəzinin həkim-pediatrı Aytən Bəşirova bildirib ki, enerji içkisi qəbul edən məktəblilərdə bir sıra ilkin əlamətləri müşahidə etmək mümkündür.
Onun sözlərinə görə, bu əlamətlərə həyəcan, ürək döyüntüsünün sürətlənməsi, yuxu pozuntuları və mədə-bağırsaq problemləri daxildir.
Həkim vurğulayıb ki, valideynlər çox zaman bu halları adi yorğunluq kimi qiymətləndirsələr də, əsas səbəb enerji içkilərinin istifadəsi ola bilər: “Həddindən artıq kofein qəbulu uşaqlarda və yeniyetmələrdə yuxu pozuntularına, narahatlıq riskinin artmasına və hətta beyin inkişafının mənfi təsirlənməsinə səbəb ola bilər. İnkişaf dövründə olan orqanizm bu cür yüklənməyə hazır deyil”.
Pediatrın sözlərinə görə, enerji içkiləri ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir, yuxusuzluq yaradır və yuxunun keyfiyyətini aşağı salır. Eyni zamanda bu içkilər qıcıqlanma, narahatlıq və asılılıq riskini artıraraq beynin normal inkişafına mənfi təsir göstərə bilər.
Mütəxəssis məktəblilər üçün enerji mənbəyinin bu cür içkilər deyil, kifayət qədər yuxu, nizamlı fiziki aktivlik və balanslaşdırılmış qidalanma olduğunu bildirib.
Sonda valideynlərə çağırış edilib ki, uşaqların enerji içkilərinə marağına qarşı diqqətli olsunlar. Çünki bu içkilər uşaqlar və yeniyetmələr üçün qəti şəkildə yolverilməzdir və sağlamlıq üçün ciddi təhlükə yaradır.



