“Sazın vəhdəti, sözün hikməti” adlı ədəbi-bədii tədbir keçirilib
Aprelin 28-də Sənaye və Texnologiya Kollecində ADPU-nun Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin və Şuşa Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 205 illik yubileyinə həsr olunmuş “Sazın vəhdəti, sözün hikməti” adlı ədəbi-bədii tədbir keçirilib. Dövlət Himni səsləndirilib. Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, ADPU-nun filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU-nun filologiya fakültəsinin dekan müavini Arzu İbrahimova və fakültənin müəllimi Günay Alıyeva iştirak ediblər.
İlk öncə kollecin direktoru, professor Nasim Abışov tədbir haqqında ümumi məlumat verdi və tədbiri açıq elan edib. Tədbirdə Aşıq Ələsgər ocağının nümayəndəsi Xətai Ələsgərli Aşıq Ələsgər haqqında danışıb. Bildirib ki, Aşıq Ələsgər keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, əsərləri ilə Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir.
Tədbirin gedişində Aşıq Ələsgər yaradıcılığına aid videoçarx nümayiş etdirilib, ədəbi-bədii kompozisiya göstərilib və tələbələr şeir deyib, mahnı oxuyublar.
Sonda tədbirdə fəal iştirak edən tələbələrə kollecin rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilib.



