SDU-da “Məzun günü” qeyd olunub
Sumqayıt Dövlət Universiteti (SDU) növbəti məzunlarını yola salıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, iyunun 30-da SDU-da “Məzun günü” keçirilib. Universitetin əsas tədris binasının qarşısında təşkil olunan tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, qonaqlar, professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə və universitetin şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinə gül dəstələri düzüblər.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib. Tədbir çıxışlar və bədii proqramla davam edib.




