SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb

19 İyun, 2025 - 15:25
SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb
SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb

Sumqayıt Dövlət Universiteti ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alaraq 1001–1200 aralığında qərarlaşıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, QS Reytinq Agentliyi tərəfindən tərtib edilən reytinqə bu il dünyanın 106 ölkəsindən ümumilikdə 8467 universitet müraciət edib ki, onlardan yalnız 1501-i reytinqdə yer ala bilib. “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələrinə əsasən, SDU bu il Azərbaycan üzrə ümumi sıralamada 7-ci yeri tutur. SDU ölkənin reytinqə daxil olan yeganə regional universitetidir. 

Bu nailiyyət universitetin akademik fəaliyyətinin, beynəlxalq əməkdaşlığının və elmi-tədqiqat imkanlarının yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Reytinq çərçivəsində SDU xüsusilə “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” meyarı üzrə fərqlənərək bu sahələrdə rəqabətqabiliyyətli nəticələr nümayiş etdirib.

Bildirilib ki, SDU hazırda “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olaraq mühüm uğur əldə edib. Bu reytinqdə universitetimiz Avropa universitetləri arasında 483-cü yerdə, Qərbi Asiya regionu üzrə 31-ci yerdə, Azərbaycan üzrə ümumi sıralamada 5-ci yerdə, ölkənin regional ali təhsil müəssisələri arasında isə ilk dəfə QS Beynəlxalq Reytinqinə daxil olmuş universitetdir.