Şəkidə Bəxtiyar Vahabzadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

25 İyun, 2026 - 18:03
Şəkidə Bəxtiyar Vahabzadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 8-ci Beynəlxalq “Bəxtiyar Vahabzadə – Türk dünyası, dil, tarix, mədəniyyət və ədəbiyyat” konfransının açılış mərasimi keçirilib.

Azərbaycan müəllimi xəbər verir ki, konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, ADPU-nun Filologiya fakültəsi, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD, Mahmud Kaşqari adına Beynəlxalq Fond və Bəxtiyar Vahabzadənin Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iştirakçıları salamlayaraq belə bir beynəlxalq elmi tədbirin qədim mədəniyyət və ədəbiyyat mərkəzlərindən biri olan Şəkidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Şəhər rəhbəri Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində, milli kimlik ideyasının formalaşmasında, ana dilinin qorunmasında və Türk dünyası ilə mənəvi bağlılığın gücləndirilməsində müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, Bəxtiyar Vahabzadə yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir.

Elxan Usubov konfransın alimlər, tədqiqatçılar və ali təhsil müəssisələri arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Anar Eminov, ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov, Mingəçevir Dövlət Universitetinin beynəlxalq layihələr üzrə koordinatoru Xəyalə Əfəndiyeva və digər çıxışçılar Bəxtiyar Vahabzadənin zəngin ədəbi-bədii irsindən, ictimai-siyasi fəaliyyətindən, milli-mənəvi dəyərlərin və ana dilinin qorunması istiqamətində xidmətlərindən bəhs ediblər.

Çıxışlarda vurğulanıb ki, Bəxtiyar Vahabzadə yaradıcılığı milli yaddaşın, azərbaycançılıq düşüncəsinin, ana dili sevgisinin və Türk dünyası ilə mənəvi bağlılığın güclənməsində mühüm rol oynayıb. Bildirilib ki, şairin poeziyası və ictimai mövqeyi bu gün də gənc nəslin milli ruhda formalaşması, ədəbi-mədəni irsin öyrənilməsi və təbliği baxımından aktuallığını qoruyur.

Konfransın Türk dünyası ölkələri arasında elmi əlaqələrin inkişafına, ortaq ədəbi-mədəni dəyərlərin tədqiqinə, dil, tarix, mədəniyyət və ədəbiyyat sahələrində yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyi qeyd olunub.

Tədbir çərçivəsində alim və tədqiqatçıların Bəxtiyar Vahabzadə irsi, Türk dünyasının ədəbi-mədəni əlaqələri, dil və tarix problemləri, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı məruzələri dinlənilib.