Şəkidə kənd məktəbinin bağlanması iddiaları ilə bağlı AÇIQLAMA
Sosial şəbəkə platformalarda Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı iddialar səsləndirilib.
"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"2026–2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin təhsil müəssisəsində onlayn formatda, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tərəfindən təşkili nəzərdə tutulur.
Qeyd edirik ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur", – deyə idarənin açıqlamasında qeyd olunub.




