Şərqşünas-alim Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Gövhər Baxşəli qızı Baxşəliyeva 1954-cü il noyabrın 26-da Bərdə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Filologiya elmləri doktoru, professordur. AMEA-nın müxbir üzvü, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. 5 monoqrafiyanın, 12 kitabın və 200-dək elmi və elmi-publisistik məqalənin müəllifidir. Ərəb, rus, ingilis və fars dillərini bilir.
1977-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1997-ci ildən Azərbaycan MEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2001-ci il iyunun 12-dən 2005-ci il dekabrın 2-dək parlament sədrinin müavini vəzifəsində çalışıb. Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvü olub.


