Sertifikatlaşdırma imtahanını başqa tarixdə və ya fərqli məkanda vermək olar?
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı iştirakçıları maraqlandıran əsas suallara aydınlıq gətirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, namizəd şəxsi kabinetində göstərilən imtahan vaxtı və məkanından fərqli tarixdə və ya başqa məkanda imtahanda iştirak edə bilməz. yalnız şəxsi kabinetdə göstərilən tarix, saat və ünvanda təşkil olunan imtahanda iştirak edilməlidir.
İmtahan müddətinin hesablanmasına gəlincə, vaxt "İmtahana başla" düyməsi klikləndiyi andan etibarən hesablanmağa başlayır.
Qeyd olunub ki, imtahan müddəti başa çatdıqda sistem avtomatik olaraq cavabları yoxlayır və nəticə dərhal ekranda görünür.
Məlumata görə, sertifikatlaşdırmanın test mərhələsinin keçirilməsi üçün 120 dəqiqə vaxt ayrılır. İmtahan zamanı vaxt göstəricisi kompüter ekranının sağ yuxarı küncündə əks olunur.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq.



