Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin sayı 100 minə çatacaq

13 İyun, 2026 - 10:15
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin sayı 100 minə çatacaq

Sertifikatlaşdırma təhsilverənlərin əməkhaqqı artımında və karyera inkişafında əsas stimullaşdırıcı amilə çevrilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək  84 minə yaxın müəllim cəlb edilib. Sertifikatlaşdırma prosesi pedaqoji heyətin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İndiyədək sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşına 35 faiz, 49 mindən artıq müəllimin maaşına isə 10 faiz artım tətbiq edilib.

2026-cı il üzrə sertifikatlaşdırma prosesinə hazırlıq işləri yekunlaşıb. Cari ildə ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox təhsilverən 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək:

“Prosesin şəffaflığı və operativliyini təmin etmək məqsədilə imtahan mərkəzlərində bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Qeyd edək ki, sertifikatlaşdırma yalnız bir qiymətləndirmə vasitəsi deyil, eyni zamanda müəllimlərin öz üzərlərində işləməsi və peşəkar inkişafı üçün yeni imkanlar yaradan bir platformadır”.