Sizi öyrətməlidirlər, amma siz də öyrənməyi bacarmalısınız - Nazir müavininin şagirdlərə tövsiyəsi  

3 Mart, 2026 - 11:42
Sizi öyrətməlidirlər, amma siz də öyrənməyi bacarmalısınız

"Müasir dövrdə ömür boyu təhsil almaq mümkündür. Təkcə müəllimdən bilik əldə etmək sizə kifayət etməyəcək"

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin rəsmi açılış mərasimində səsləndirib.

Firudin Qurbanov şagirdlərə tövsiyələrini də verib:

“Yalnız özünüz öyrənməyə başlamalısınız. Sizi öyrətməlidirlər, amma siz də çalışmalısınız, öyrənməyi bacarmalısınız. Müstəqil şəkildə, öz üzərinizdə işləməlisiniz. Bu gün insan ömür boyu öz üzərində çalışır. Ömür boyu bilik əldə etmək mümkündür”. 

O qeyd edib ki, müsabiqə çərçivəsində 9 istiqamət üzrə layihələr təqdim olunub: “Çox yaxşı haldır ki, burada ekoloji və sağlam həyat tərzi ilə bağlı layihələr var. Ayrı-ayrı sahələrlə bağlı layihələr var. Müəyyən dərəcədə süni intellektlə bağlı layihələrin olması da bizi çox sevindirir və əminik ki, siz bundan sonra da belə strukturlaşdırılmış yarışlarda, səviyyəli müsabiqələrdə iştirak edəcəksiniz. Çünki bu sizin gələcəkdə yüksək nailiyyətlər əldə etməniz üçün çox önəmlidir”, – deyə nazir müavini qeyd edib.