"Sonsuz bir ümmandır riyaziyyat" – Mərkəzi Aran məktəblərində fənn aylığı elan olunub
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən qəbul edilən fənn aylıqları çərçivəsində dekabr ayı – riyaziyyat-informatika aylığı elan edilib. Bu məqsədlə Ağdaş rayonu Cavanşir Şirinov adına Hüşün kənd ümumi orta ümumtəhsil məktəbində "Sonsuz bir ümmandır riyaziyyat" başlığı altında tədbir keçirilib. Tədbirdə Təhsil sektorunun əməkdaşları, müəssisə rəhbərləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi anılıb.
Məktəbin direktoru Rüfət Məmmədov çıxışında tədbirin təkcə bir fənn aylığı kimi deyil, eyni zamanda insan təfəkkürünün, məntiqin və düşüncə mədəniyyətinin təməl daşlarından biri olan riyaziyyat elminin əhəmiyyətini birlikdə dərk etməyin vacibliyini vurğulayıb. O, riyaziyyatın yalnız rəqəmlər və düsturlar toplusu olmadığını, onun analitik düşünmənin, səbəb–nəticə əlaqəsinin, düzgün qərarvermənin və həyat bacarıqlarının formalaşmasında mühüm rol oynadığını qeyd edib. Həmçinin sürətlə dəyişən dünyada riyaziyyat elmini dərindən mənimsəyən gənclərin gələcəyin mühəndisləri, alimləri, iqtisadçıları və texnoloji liderləri kimi cəmiyyətə dəyər qatdığını vurğulayıb.
Tədbirdə bir-birindən maraqlı kompozisiyalar səhnələşdirilib.
İlk olaraq səhnəyə riyaziyyatın sehri və gözəlliyini sözlərlə ifadə edəcək şagirdlər "Sonsuz bir ümmandır riyaziyyat" adlı bədii kompozisiya təqdim ediblər.
Sonra şagirdlər riyaziyyat elminin çırağını yandıran 3 böyük alim: Pifaqor, Evklid və Arximedin kəşflərini səhnələşdiriblər.
Daha sonra şagirdlər “Rəqəmlərin söhbəti” adlı bədii kompozisiya ilə çıxış ediblər. Burada hər rəqəm öz dilində danışıb, öz hekayəsini təqdim edib.
Sonra riyaziyyatın ən rəngarəng, ən qədim sakinləri ilə fiqurlarla tanışlıq olub. "Fiqurların sərgüzəştləri" adlı kompozisiya təqdim olunub. Onlar gündəlik həyatımızda o qədər çoxdur ki, bəzən görmədən yanından keçirik. Amma hərəsinin öz xarakteri, hekayəsi var.
Məktəbin 9-cu sinif şagirdləri söz savaşına çıxaraq "Min yaşasın təhsil ocağımız" adında öz sözlərini vəsf ediblər.
Riyaziyyat beyni tərbiyə edir, düşünməyi, ardıcıllığı, səbəb-nəticəni öyrədir. Telefonlar, kompüterlər, internet, robotlar- hamısı riyaziyyatın üzərində qurulub. Mühəndis, həkim, memar, proqramçı, tikinti ustası, aşpaz - hamısı riyaziyyatdan istifadə edir. Bu məqsədlə növbədə müxtəlif peşə sahibləri səhnəyə gələrək, riyaziyyatdan necə istifadə etdiklərini nümayiş etdiriblər.
Daha sonra riyazi nizamı ilə seçilən, hər əməli sabitliklə həyat keçirən "Ümman bank" kompozisiyası səhnləşdirilib. Riyaziyyatı tapmacalarla ifafə edən şagirdlər bu elmin yalnız bir fənn deyil, eyni zamanda düşüncənin gücünü, ağlın parlaqlığını, insan zəkasını və möcüzəsini də qeyd ediblər.
Tədbirdə çıxış edən məktəbin riyaziyyat müəllimi Mehparə Şərifova riyaziyyatın yalnız rəqəmlərdən ibarət bir fənn olmadığını, onun həmçinin düşünməyi öyrətdiyini, məntiq formalaşdırdığını, səbr və ardıcıllıq aşıladığını qeyd edib.
Həmçinin tədbirin hazırlanmasının arxasında böyük zəhmətin, vaxtın və fədakarlığın dayandığını qeyd edib, ideyalarına dəstək göstərən, hər zaman yanında olan məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirib, dəstək və inam olduqda müəllimin daha böyük işlərə imza ata biləcəyini vurğulayıb.
Əlavə olaraq, tədbirin əsas məqsədi yalnız bilik nümayiş etdirmək yox, riyaziyyata sevgi aşılamaq, düşünən, araşdıran və sual verən şagird formalaşdırmaq olduğunu qeyd edib.
Sonda təhsil sektorunun aparıcı məsləhətçisi tədbirin ərsəyə gəlməsində əməyi keçən bütün müəllim, valideyn və şagirdlərə öz təşəkkürünü bildirib.
Qeyd edib ki, məktəbdə fənn aylığı çərçivəsində keçirilən bu cür tədbirlər tədris prosesinə yeni nəfəs gətirir, şagirdlərdə fənlərə marağı artırır və onların biliklərini praktik şəkildə nümayiş etdirməsinə şərait yaradır. Bu baxımdan, fənn aylığının keçirilməsində təşəbbüs göstərən müəllimlərin əməyi və məsuliyyəti xüsusi qeyd olunmalıdır.
Təhsildə keyfiyyətin yüksəldilməsi yalnız müəllimin səyi ilə deyil, məktəb rəhbərliyinin dəstəyi və valideynlərin fəal iştirakı ilə mümkündür. Bu gün valideynlərin tədbirdə iştirakı məktəblə ailə arasında qurulan sağlam əməkdaşlığın bariz nümunəsidir və təqdirəlayiq haldır.


