Sosial mediada yaşa uyğun məzmunun təqdim olunması vacibdir - Nazir

10 İyun, 2026 - 16:32
Sosial mediada yaşa uyğun məzmunun təqdim olunması vacibdir

“Uşaqlar sosial şəbəkələrdə vaxt keçirməyə meyillidirlər. Dövlət olaraq biz bunu tənzimləməyə çalışırıq və tənzimləməliyik də. Çünki əsas məsələlərdən biri məhz tənzimləmədir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Nazir bildirib ki, uşaq hansısa dərsliyi oxumaqla cəlbedici video kontent arasında seçim etdiyi hallarda, təbii ki, daha çox video kontentə üstünlük verir: “Bu, reallıqdır. Vacib məsələ kimi bunu başa düşməliyik ki, növbəti illərdə uşaqların elektron öyrənmə imkanları onların valideynlərinin və əvvəlki nəsillərin malik olduqları imkanlardan daha geniş olacaq. Biz bunu məhdudlaşdıra bilməyəcəyik”.

Nazirin sözlərinə görə, uşaqlara “siz elektron formatda öyrənməyin, əvvəlki üsullarla öyrənin” desək, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik: “Sual ondan ibarətdir ki, yeni üsulları necə tətbiq edək ki, uşaqlarda risklər yaratmayaq. Bu mənada təqdim olunan tövsiyələr arasında sosial mediada yaş qruplarına uyğun məzmunun hazırlanması və həmin məzmunun uşaqlara təqdim olunması ilə bağlı təkliflə tam razıyam və düşünürəm ki, bu, olduqca vacib məqamdır.

Yəni bunu məktəbdə və digər alternativ mənbələr vasitəsilə həyata keçirmək mümkündür”.