STEAM layihəsi xüsusi təhsil müəssisələrində də tətbiq ediləcək
“Digər təhsil müəssisələrimizdə həyata keçirilən STEAM layihəsinin yeni tədris yanaşması əsasında xüsusi təhsil müəssisələrində də tətbiqinə nail olmaq hədəfimizdir”.
“Azərbaycan müəllimi”xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bakı Slavyan Universitetində keçirilən "İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli" mövzusunda IV beynəlxalq elmi-praktik konfransda söyləyib.
Direktor həmçinin artıq məktəbəqədər təhsil müəssisələrində inklüziv təhsillə bağlı addımların atıldığını da bildirib: “Xüsusi təhsil müəssisələrimizin şəbəkəsi müstəqillik dövründən əvvəlki mərhələni də əhatə edir və həmin dövrdə formalaşmış yanaşmalar müəyyən mənada bu günə qədər davam edir. Fikrimcə, inkişafın ikinci istiqaməti məhz bu müəssisələri yenidən qurmaqır. Bilirsiniz ki, evdə təhsil məktəbləri fəaliyyət göstərsə də, bu məktəblərin mahiyyəti, xidmət səviyyəsi və keyfiyyəti mövcud reallıqlara və ehtiyaclara tam cavab vermirdi. Agentliyin təşəbbüsü ilə həmin müəssisələr optimallaşdırıldı. Nəticədə, əvvəllər daha çox formal xarakter daşıyan, bəzi hallarda isə real təhsil məzmunundan uzaq olan evdə təhsil modeli sözün yaxşı mənasında öz fəaliyyətini daha səmərəli şəkildə formalaşdırdı. Aparılan islahatlar nəticəsində adıçəkilən təhsil müəssisələrində oxuyan minlərlə şagird artıq öz evinə daha yaxın ərazilərdə, keyfiyyətli, bacarıqlı müəllim təminatı ilə tədris xidmətlərinə cəlb edilib”.



