"Suallar səriştə əsaslı tərtib olunmuşdu" - Sertifikasiyada iştirak edən müəllimlər
İyunun 17-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Şərqi Zəngəzur regionu üzrə 16 müəllim imtahanda iştirak edib. Proses 6 mərkəzdə təşkil edilib. Nəticələrə əsasən 4 nəfər müəllim 50 baldan yüksək bal toplayıb.
"Azərbaycan müəllimi" yüksək nəticə göstərən müəllimlərlə həmsöhbət olub.
Aysun Məmmədli Kəlbəcər rayon 102 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, bu gün keçirilən sertifikasiya imtahanında 56 bal toplayıb.
"Sertifikasiya təkcə nəticə deyil, eyni zamanda özünə inam, qazanılmış əlavə biliklər deməkdir. İmtahan sualları o qədər də çətin deyildi. Ən əsası imtahan şəraiti çox gözəl təşkil olunmuşdu bu isə stresdən tam uzaq olmaq deməkdir.
Suallar bir qismi məntiq tələb edən, oxuyub anlama bacarıqlarını yoxlayan, şagird -müəllim münasibətlərinin tənzimlənməsinə aid idi. Həmçinin ədəbiyyatdan əsərlərin müqayisəli şəkildə təhlili tələb olunurdu. Bir sözlə, suallar diqqət tələb edir və düşündürürdü".
Region üzrə 56 bal toplayan növbəti müəllim Lalə Məmmədovadır.
Lalə müəllim 4 ildir ki, Zəngilan rayon 23 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
Sertifikasiya ilə bağlı fikirlərini bölüşən L.Məmmədova müəllimlərin rahatlığının tam təmin olunduğunu qeyd edir.
"Bildiyimiz kimi, təhsillə bağlı dövlət standartları hər 5 ildən bir dəyişir və bu standartlara uyğun keyfiyyətli təhsil vermək hər bir müəllimin vəzifə borcudur. Sertifikasıya müəllimlərə yeni tədris metodları tanış olmaq, ixtisası ilə bağlı biliklərə yiyələnmək imkanı yaradır. Bu gün keçirilən imtahanda da suallar səriştə əsaslı tərtib olunmuşdu. Çətinlik səviyyəsi normal idi. Kurikulum sualları hər bir müəllimin bilməli olduğu mövzuları əhatələmişdi. İxtisasla bağlı olan suallar həm sürətli, həm də diqqətli işləməyi tələb edirdi"




