Süni intellekt 80 illik riyaziyyat problemini həll edib
"OpenAI" şirkəti hələ ictimaiyyətə təqdim olunmayan yeni süni intellekt modelinin təxminən 80 ildir həll olunmayan riyaziyyat problemini həll etdiyini açıqlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, şirkətin məlumatına görə, süni intellekt modeli 1946-cı ildə macar riyaziyyatçısı Paul Erdős tərəfindən irəli sürülən “Müstəvidə vahid məsafə problemi” (“Planar unit distance problem”) adlı məsələ ilə bağlı orijinal riyazi sübut hazırlayıb. Problem ikiölçülü müstəvidə yerləşdirilən nöqtələrin neçə cütünün bir-birindən tam bir vahid məsafədə ola biləcəyini araşdırır.
Uzun illər alimlər hesab edirdilər ki, bu problemin ən effektiv həlli kvadrat tor formasında düzülüşlərdir. "OpenAI" isə bildirir ki, süni intellekt modeli ənənəvi yanaşmadan daha səmərəli yeni quruluş forması tapıb və bununla məşhur həndəsi fərziyyəni təkzib edib.
Son illərdə süni intellektin riyaziyyat sahəsində imkanları sürətlə genişlənir. 2024-cü ildə "Google DeepMind" şirkətinin "AlphaGeometry" modeli Beynəlxalq Riyaziyyat Olimpiadası səviyyəsində həndəsə məsələlərini həll etmə bacarığı ilə diqqət çəkmişdi.
Bununla belə, "OpenAI"nin əvvəlki riyazi iddiaları mübahisələr də yaradıb. Şirkət ötən il GPT-5 modelinin bəzi açıq riyaziyyat problemlərini həll etdiyini bildirsə də, bir sıra alimlər modelin mövcud elmi nəticələri yenidən təqdim etdiyini iddia etmişdi.
"OpenAI" hesab edir ki, bu nəticə süni intellektlə riyaziyyat arasındakı əməkdaşlıqda mühüm mərhələdir. Şirkət bildirir ki, mürəkkəb məntiqi ardıcıllığı qorumaq və müxtəlif sahələr arasında əlaqə qurmaq bacarığı gələcəkdə biologiya, fizika, mühəndislik və tibb kimi istiqamətlərdə də istifadə oluna bilər.



