Süni intellekt Nobel mükafatına layiq görülə bilərmi? – Nobel laureatları nə deyir?

24 İyul, 2026 - 11:51
Süni intellekt Nobel mükafatına layiq görülə bilərmi?

Süni intellekt artıq elmi-tədqiqatlara çox böyük təsir göstərir və bu texnologiya o qədər sürətlə inkişaf edir ki, bəziləri yaxın gələcəkdə onun öz tədqiqat proqramlarını tam müstəqil şəkildə idarə edə biləcəyini düşünür. Bəs süni intellekt elmi fəaliyyətdə insanı əvəz edəcəkmi və ya insanın elmdə iştirakı nə vaxtsa həqiqətən lazımsız olacaqmı? Süni intellekt nə vaxtsa Nobel mükafatına layiq görülə bilərmi?

Böyük Britaniyanın ali təhsil sahəsində ixtisaslaşmış “Times Higher Education” nəşri bu sualları bir neçə Nobel mükafatı laureatına ünvanlayıb. 


2013-cü ildə kimya üzrə Nobel mükafatı almış, Stenford Universitetinin bioloqu Maykl Levitt sualı belə cavablandırıb: " Mən həmişə süni intellektə heyran olmuşam, amma son bir ildə gördüklərim məni sözün əsl mənasında sarsıtdı. Əvvəllər onun səviyyəsi kiçik elmi işçi səviyyəsində idi, sonra doktorant səviyyəsinə çatdı, ardınca postdoktorant səviyyəsinə yüksəldi, indi isə "Claude"un yazdığı kod artıq həmkar səviyyəsinə bərabərdir". 

Onun proqnozuna görə, inkişaf bu templə davam edərsə, "10 ildən də az müddətdə bütün eksperimentlər avtomatik şəkildə həyata keçiriləcək. Doktorantlar artıq pipetlə işləmək əvəzinə kompüter arxasında oturacaq, eksperimentləri layihələndirəcək, onların icrasını isə robotlar həyata keçirəcək".

2006-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatı almış digər laureat Kreyq Mello isə hesab edir ki, gələcəkdə süni intellekt, xüsusilə robotlara inteqrasiya olunduğu halda, insanın iştirakı olmadan bütöv elmi-tədqiqat proqramlarını müstəqil şəkildə həyata keçirə biləcək. Bu isə ona Yer üzündə həyatın mənşəyi kimi fundamental elmi sualları araşdırmağa imkan verəcək.

Əslində, süni intellekt artıq Nobel mükafatına layiq görülmüş elmi nailiyyətlərdə mühüm rol oynayıb. “Google DeepMind” şirkətinin alimləri Demis Hassabis və Con Camper zülalların quruluşunu proqnozlaşdıran “AlphaFold” proqramının hazırlanmasında süni intellektdən istifadə etdiklərinə görə 2024-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülüblər.

Bəs gələcəkdə Nobel mükafatını birbaşa süni intellektin özünün almasının şahidi ola bilərikmi? Hər il keçirilən Nobel Laureatları Toplantısı gələcəkdə ağıllı robotların üstünlük təşkil etdiyi, getdikcə sayı azalan yaşlı laureatların isə yalnız müşahidəçi kimi iştirak etdiyi bir tədbirə çevrilə bilərmi? Əlbəttə, əgər texnologiyanın hökm sürdüyü elmi dünyada belə fiziki görüşlər ümumiyyətlə öz əhəmiyyətini qoruyub saxlasa.

İnsan müdaxiləsi olmadan süni intellekt tərəfindən həyata keçiriləcək və Nobel mükafatına layiq görüləcək ilk kəşf düşündüyümüzdən də yaxın ola bilər. Texnoloji inkişafın başgicəlləndirici sürəti bunu göstərir. Bu sürət  ötən il 1990-cı illərdə materialşünaslıq sahəsində apardıqları tədqiqatlara görə Riçard Robson və Susumu Kitaqava ilə birlikdə kimya üzrə Nobel mükafatı almış Ömər Yaghi tərəfindən ətraflı izah edilib. Onların tədqiqatları molekulları birləşdirərək suyu və ya karbon qazını udan məsaməli materialların yaradılmasına imkan verib. 


Əvvəllər atmosferdən karbonu birbaşa udan müəyyən kristalın hazırlanması üçün tədqiqat qrupuna üç ildən on ilədək vaxt lazım gəlirdisə, "ChatGPT"nin köməyi ilə bu müddət artıq cəmi bir neçə həftəyə enib. Hazırda Stenford Universitetindən Çinin Tsinhua Universitetinə keçən və burada süni intellekt vasitəsilə materialların hazırlanması üzrə institutun rəhbəri olan Ö.Yaghi bunu belə izah edib: 

"Biz kristallokimya haqqında, gördüyümüz iş və dəqiqlik yoxlamaları barədə təxminən bir yarım səhifəlik mətn yazdıq və onu "ChatGPT"yə yüklədik. Nəticələrin böyük hissəsi gözlənilən idi... Amma elə təkliflər də oldu ki, onları heç vaxt özümüz düşünməzdik. Cəmi üç eksperiment dövründən sonra indiyədək əldə olunmuş nəticələrdən daha yüksək kristallılığa malik material yaratdıq. Bu irəliləyiş on il deyil, cəmi iki həftə çəkdi və laboratoriyamızın işini tamamilə dəyişdirdi. İndi laboratoriyamın bütün əməkdaşları bu texnologiyadan necə istifadə edə biləcəyimizi araşdırmaq üçün süni intellektlə işləyən robot sistemlərindən istifadə edirlər".

Ömər Yaghi bildirib ki, süni intellekt yaranmazdan əvvəl alimlər "məhdud resurslar dünyasında" çalışırdılar. Belə bir şəraitdə yeni və üstün xüsusiyyətlərə malik materialın hazırlanması elmin inkişafına böyük təkan verir və hətta Nobel mükafatına aparan yolu aça bilirdi.

"Lakin gələcəkdə bütün bunları sizin əvəzinizə süni intellekt edəcək", – deyə o bildirib. Onun sözlərinə görə, süni intellekt insanların təkbaşına əldə edə biləcəyindən qat-qat çox nəticə yaradacaq. Buna görə də, "düzgün sualları vermək cavabları tapmaqdan daha çətin olacaq".

Yaghi hesab edir ki, gələcəkdə Nobel mükafatları sistemi dəyişməyi bacaranlara veriləcək. Bununla o, cəmiyyətə əhəmiyyətli təsir göstərən yenilikləri nəzərdə tutur. Belə uğurlar üçün, onun fikrincə, "kölgədə çalışan, kəşfin mahiyyətini açan və onu real dünya ilə əlaqələndirən insanların bütöv komandası" lazım olacaq.

"Mənim təsəvvürümdə bu, material ilə onun xüsusiyyətləri arasında əlaqə qurmaq, daha sonra isə məni molekuldan cəmiyyətə aparacaq materialı seçmək deməkdir. Bu, asan olmayacaq. Bunun üçün tamamilə yeni bir elm – seçim elmi yaranmalıdır. O zaman böyük bir otaq cavabı tapmaq üçün yorulmadan çalışan arılar kimi işləyən insanlarla dolu olacaq, baxmayaraq ki, sonda bütün şöhrət həmin sistemi yaradanlara qismət olacaq".

2014-cü ildə kimya üzrə Nobel mükafatı almış alman-rumın fiziki Stefan Hell də əldə edilən nəticələrin əhəmiyyətini düzgün qiymətləndirməyin vacibliyini vurğulayıb: "Nobel mükafatına layiq kəşf etmək sadəcə kəşf etmək demək deyil. Həqiqətən yaradıcı alim nəyin dəyərli, nəyin isə dəyərsiz olduğunu anlamalı, sonra isə göstərməlidir ki, həmin kəşf elmi necə dəyişəcək"
Hazırda həm Göttingendəki Maks Plank Fənlərarası Elmlər İnstitutuna, həm də Heydelberqdəki Maks Plank Tibbi Tədqiqatlar İnstitutuna rəhbərlik edən S.Hell qeyd edib: "İnsanlar Nobel mükafatına layiq görülmüş bir çox kəşflərə çox yaxın olublar, lakin öz tapıntılarının əsl əhəmiyyətini dərk etməyiblər".

O, bunu vikinqlərin Amerika qitəsini kəşf etməsi ilə bağlı məşhur rəvayətə bənzədib. Rəvayətə görə, Leyf Erikson Kristofer Kolumbdan təxminən 500 il əvvəl Amerikaya çatmışdı. "Vikinqlər geri qayıdıb gördüklərini danışdılar, amma bu, dünyanı dəyişmədi. Hər şey yalnız ispanlar qərbə doğru yola çıxanda və Hindistana getdiklərini düşündükləri halda Amerikaya çatanda dəyişdi. Məhz əsl kəşflər dünyanı dəyişir".

"Süni intellekt müxtəlif cavablar təqdim edə bilər, amma xərçəngin dərmanını özü tapmayacaq. Kimsə süni intellektin haqlı olduğunu həqiqətən başa düşməli, laboratoriyada bunu təsdiqləməli və bütün dünyanın həmin kəşfin əhəmiyyətini dərk etməsinə nail olmalıdır", - deyə alim bildirib.


1980-ci ildə kimya üzrə Nobel mükafatı almış, molekulyar biologiyanın amerikalı pionerlərindən biri Uolter Gilbert isə bu məsələyə daha skeptik yanaşır. O hesab edir ki, insanın ciddi köməyi olmadan süni intellekt belə bir mükafata layiq görülə bilməz.
"Bu süni intellekt modelləri elmi məqalələri təhlil edir və insanlar onların nəticələrini mütləq həqiqət kimi qəbul edirlər. Halbuki həmin nəticələrin bəziləri uydurma olur və ya səhvlər ehtiva edir".

Harvard Universitetinin professor hesab edir ki, generativ süni intellektdən həddindən artıq asılılıq əslində elmi kəşflərin sürətini azalda bilər. Çünki tədqiqatçılar oxşar məlumat bazalarına və eyni alqoritmlərə əsaslanan sistemlərin təsiri altında eyni tip sadələşdirilmiş suallar verməyə meyilli olurlar.

"Böyük kəşflər eksperiment zamanı gözlənilməz bir nəticə ortaya çıxanda, yəni hipotezlərinizdən kənara çıxan bir hadisə baş verəndə edilir. Əsas diqqət mövzunu dərindən anlamağa yönəlməlidir, "Claude"un proqram yazmasını gözləməyə yox".

O, bu mövqeyini Nobel laureatlarının ənənəvi Lindau görüşündə iştirak edən gənc alimlərin bir neçəsi də bölüşüb. Nobel laureatlarını və elmi fəaliyyətə yeni başlayan tədqiqatçıları bir araya gətirən tədbirdə Ukraynadan olan gənc tədqiqatçılardan biri qeyri-rəsmi söhbət zamanı zarafatla demişdi:

"Elmi məqalənin ilk cümləsindən onun hansı böyük dil modeli tərəfindən yazıldığını müəyyən etmək olur". O, Gilbertin fikrini dəstəkləyərək əlavə edib ki, bəzi gənc tədqiqatçılar süni intellektin irəli sürdüyü hipotezləri yoxlamağa üstünlük vermək üçün müəyyən təzyiq hiss edirlər. Halbuki daha riskli, lakin potensial olaraq daha məhsuldar tədqiqat istiqamətlərinə vaxt ayırmaq daha faydalı ola bilər. Eyni məlumatlardan və alqoritmlərdən istifadə edən böyük dil modelləri nəticədə müxtəlif tədqiqat qruplarını oxşar sualları oxşar üsullarla araşdırmağa sövq edir.

Bununla belə, elmdə müəyyən istiqamətlərin populyarlaşması həmişə tədqiqatların təkrarlanması riskini də özü ilə gətirib. Süni intellekt bu meyli gücləndirə bilsə də, Ömər Yaghi hesab edir ki, laboratoriyada yaradıcılığa olan ehtiyac dəyişməyəcək: "Özündən razı alimlər yenə də özündən razı qalacaqlar, yaradıcı alimlər isə yaratmağa davam edəcəklər. Çünki elmin və elmi yaradıcılığın mahiyyəti dəyişmir. Siz yenə də ciddi olmalı, faktlara əsaslanmalı, təsdiqləyici sübutlar tapmalı və mövcud çərçivələri aşan yeni ideyalar irəli sürməlisiniz. Bunu bacaranlar uğur qazanacaqlar". 

Bu baxımdan, süni intellektin imkanlarına böyük nikbinliklə yanaşmasına baxmayaraq, Yaghi hesab etmir ki, yaxın gələcəkdə bu texnologiya insanın yaradıcılıq qabiliyyətini və sağlam mühakiməsini üstələyəcək: "Biz həmişə qeyri-müəyyənlik və xaos şəraitində kompüterlərdən daha çevik düşünə bildiyimiz üçün inanılmaz yaradıcılıq nümayiş etdirmək imkanına malik olacağıq”. Buna görə də o, yaxın gələcəkdə Nobel mükafatına layiq görüləcək tədqiqatlarda süni intellektin insanlardan daha mühüm rol oynayacağını gözləmir. “Bu, mənim ömrüm ərzində baş verməyəcək".

Ö.Yaghi həmçinin hesab edir ki, süni intellekt Nobel mükafatının verilməsi prosesini də ciddi şəkildə sürətləndirə bilməyəcək. Doğrudur, “DeepMind” şirkəti “AlphaFold”u təqdim etdikdən cəmi iki il sonra Nobel mükafatı aldı, lakin onun fikrincə bu, istisna haldır. "Nobel mükafatı insanlığa fayda verə biləcək mühüm bir istiqamətin qapısını açan kəşflərə görə verilir". Onun sözlərinə görə, adətən yeni kəşfin və ya ixtiranın cəmiyyət üçün həqiqətən faydalı olduğunu sübut etmək vaxt tələb edir.

"Hətta insanlar otuz il ərzində cavabını axtardıqları bir suala yeni texnologiya dərhal cavab versə belə, bunun təsadüfi və keçici nəticə olmadığını göstərmək lazımdır".  

Süni intellektin gələcəkdə Nobel mükafatı gətirəcək potensialından asılı olmayaraq, Ö.Yaghi və digər Nobel laureatları əmindirlər ki, bu texnologiya gələcəyin böyük elmi sıçrayışlarında fundamental rol oynayacaq.

Kreyq Mellonun sözlərinə görə, süni intellekt artıq dünyada inqilab edir və alimləri qat-qat məhsuldar edir.  O, zarafatla əlavə edib: "Mən bunu çox sevirəm və istərdim ki, süni intellekti beynimə implant etsinlər".

Sonra isə gülümsəyərək bildirib ki, bu halda telefonundakı çat-botlarla bu qədər tez-tez danışmağa ehtiyac qalmaz.
Stenford Universitetindən Maykl Levitt isə daha mürəkkəb bir problemə diqqət çəkib. Onun fikrincə, süni intellekt baş tədqiqatçıların çoxlu sayda doktorant və postdoktorant hazırlamaq ehtiyacını azalda bilər. Bu isə gələcəyin aparıcı alimlərinin yetişməsinə maneolacaq və nəticədə insan faktorundan asılı olan elmi inkişafı ləngidəcək. "Əgər yaşlı bir alim süni intellektin köməyi ilə bütöv bir tədqiqat qrupunun gördüyü işi görə bilirsə, bu, elm üçün ciddi paradoks yaradır".

Bununla belə, M.Levitt bir məsələni tam aydın şəkildə vurğulayıb: "Artıq geriyə dönüş yoxdur”. O, bunu belə izah edib: "Əgər kimsə sizə sizi on dəfə məhsuldar və otuz faiz daha ağıllı edən bir dərman təklif etsəydi, onu qəbul edərdiniz".
Və sözünü belə tamamlayıb: "Süni intellekt məhz bunu edir".