Süni intellekt və elmin kəsişməsi: Regional forum baş tutub
Xəzər Universitetinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Elm və İnnovasiya” proqramının təşəbbüsü və təşkilatçılığı ilə 22-23 iyun tarixlərində regional elmi ekosistem üçün mühüm hadisə olan “AI & Science Forum 2026” uğurla baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, iki gün davam edən forum həm ənənəvi (offline), həm də onlayn formatda və iki dildə təşkil olunub.
Forumun əsas məqsədi gənclərin elmə marağının artırılması, müasir elmi innovasiyaların təşviqi, gələcək tədqiqatçı nəslin formalaşması yolundakı məhdudiyyətlərin aradan qaldırılması və müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə gənc istedadlar arasında sıx şəbəkələşmənin təmin edilməsidir.
Tədbir iştirakçıları bioinformatika, genetika, beyin-kompüter interfeysi (BCI), neyroelm, protein mühəndisliyi, data elmləri, enerji və biotexnologiya sahələrində süni intellektin (AI) inteqrasiyası və yaratdığı qlobal akademik imkanlarla yaxından tanış olublar.
Tədbirin ilk günü Xəzər Universitetinin ev sahibliyi ilə Dövlət Himninin səsləndirilməsi və rəsmi açılış nitqləri ilə başlayıb. Günün birinci yarısında uzman doktor Nəzrin Tağızadə, doktorant Xalid Nəzərov və magistrant Murad Qənbərov aktual məruzələrlə çıxış ediblər. Məruzələrdə neyropsixologiya və süni intellektin kəsişməsi, böyük tibbi dataların (Big Data) idarə olunması və bu məlumatların modelləşdirilməsində AI tətbiqləri geniş təhlil olunub.
Günün növbəti panelində doktorant Nurlan Kərimov, uzman doktor Aydın Bayramov, Msc.Valeh Məmmədli və doktorant Günel Rzayeva genetik kəşflərin əsasları, süni intellektin müasir alqoritmlərə təsiri, enerji sektorunda AI texnologiyaları, eləcə də gen redaktəsi (CRISPR və s.) sahəsindəki ən son elmi nailiyyətləri iştirakçıların diqqətinə çatdırıblar.
Günün ikinci yarısı professor İlham Şahverənov, doktorant Lalə İbadullayeva və magistr Gülçin Qasımovanın çıxışları ilə davam edib. İlk gün gənclərin suallarını cavablandıran geniş panel müzakirəsi və bağlanış mərasimi ilə yekunlaşıb.




