"Süni intellektin tətbiqi müəllimlərin işinin səmərəliliyinin artırılması baxımından əhəmiyyətlidir"
"Süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqi şagirdlərin öyrənmə imkanlarının genişləndirilməsi, müəllimlərin işinin səmərəliliyinin artırılması və idarəetmədə daha düzgün qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəis müavini Ayaz Abuşov məlumat verib.
Məlumatda süni intellektin təhsildə tətbiqinin üç əsas istiqaməti qeyd olunub.
Bunlardan biri “Bərabər imkanlar” prinsipidir. Bu yanaşmaya əsasən, süni intellekt bütün şagirdlərin keyfiyyətli təhsilə bərabər çıxışını təmin etməyə xidmət edir.
Digər istiqamət “Məhsuldar müəllim” yanaşmasıdır. Süni intellekt alətlərinin müəllimlərin vaxtına qənaət etməsi və tədrisin effektivliyini artırması nəzərdə tutulur.
Üçüncü istiqamət isə “Sübut-əsaslı qərarvermə”dir. Bu yanaşma məlumatlara əsaslanan təhlillər vasitəsilə təhsilin idarə edilməsində daha düzgün və vaxtında qərarların qəbulunu dəstəkləyir.
Beləliklə, süni intellektin təhsildə tətbiqi həm tədris prosesinin təkmilləşdirilməsinə, həm də təhsil idarəçiliyinin daha səmərəli təşkilinə yönəlib.




