Şagirdlərin müasir texnoloji biliklərə yiyələnməsi üçün hansı layihələr var?

20 Noyabr, 2026 - 10:38
Şagirdlərin müasir texnoloji biliklərə yiyələnməsi üçün hansı layihələr var?

"Azərbaycanda təhsil prosesinin rəqəmsallaşdırılması, şagirdlərin müasir texnoloji bilik və bacarıqlara yiyələnməsi istiqamətində bir sıra layihələr həyata keçirilir".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov məlumat verib.

Bildirib ki, bu istiqamətdə reallaşdırılan təşəbbüslərdən biri “Rəqəmsal bacarıqlar” layihəsidir. Layihənin əsas məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsini, informasiya məkanında məqsədyönlü fəaliyyətini təmin etmək və onların müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir.

Digər təşəbbüs olan “STEAM Azərbaycan” layihəsi isə şagirdlərdə XXI əsr bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Layihə çərçivəsində onların yaradıcı düşüncə, problem həll etmə, əməkdaşlıq və texnoloji biliklərinin artırılması nəzərdə tutulur.

Təhsilin rəqəmsallaşdırılması istiqamətində “Rəqəmsal məktəb” platforması da mühüm yer tutur. Platforma rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq imkanları yaradır. Eyni zamanda, şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri üçün tədris prosesinin idarə olunması və tənzimlənməsinə xidmət edir.

Bununla yanaşı, şagirdlərin əlavə bilik və bacarıqlar əldə etməsi üçün tədris videoları da təqdim olunur. Resurslarda informasiya təhlükəsizliyi, iqlim dəyişikliyi, gender bərabərliyi, STEAM yanaşması və digər mövzuları əhatə edən maarifləndirici materiallar yer alır.

Qeyd olunan layihə və platformalar tədris prosesində rəqəmsal imkanların genişləndirilməsinə, şagirdlərin texnoloji biliklərinin və müasir dövrün tələblərinə uyğun bacarıqlarının inkişafına yönəlib.